XƏBƏRLƏR / Sanksiya

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini razılaşdırıb

Avropa İttifaqı Şurasına İrlandiya sədrlik edir YENİLƏNİB

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketini razılaşdırıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:22

    Aİ diplomatiya rəhbəri Kaya Kallas bildirib ki, Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketi son dörd ildə ən böyük olacaq və 218 maddəni əhatə edəcək.

    Onun sözlərinə görə, yeni tədbirlər Rusiya və Belarusdakı 100-dən çox banka və kripto operatoruna, 40-dan çox kölgə donanması gəmisinə və bir neçə neft emalı zavoduna təsir edəcək.

    Siyahıya həmçinin Rusiyanın uzunmənzilli dronlarının istehsalında iştirak edən əsas oyunçular da daxil olmaqla 50-dən çox hərbi-sənaye obyekti daxil ediləcək.

    ***

    12:10

    Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya təzyiqin davam etdirilməsini və onun gəlir mənbələrinin azaldılmasını nəzərdə tutan 21-ci sanksiya paketini razılaşdırıblar.

    Bu barədə İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makenti "X" hesabında yazıb.

    "İrlandiyanın Aİ Şurasına sədrliyinin ilk həftələrində 21-ci sanksiya paketini razılaşdıra bildiyimiz üçün şadam. Bu paket Rusiyanın gəlir mənbələrinə əlavə zərbə vurur, onun kölgə donanmasının fəaliyyətini məhdudlaşdırır və tədarük zəncirlərini pozur. Avropa Rusiyanın təcavüzkar müharibəsinə qarşı mübarizəsində Ukraynanı dəstəkləyir", - o yazıb.

    İrlandiya iyulun 1-dən Aİ Şurasına sədrlik edir.

    Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin razılaşdırılmasını alqışlayıb.

    "O, bu barədə "X" sosial şəbəkəsində yazıb.

    Onun sözlərinə görə, yeni məhdudiyyətlər "Rusiya hərbi maşınının iqtisadi bazasının daha da zəiflədilməsinə" yönəlib.

    "Biz qadağan olunmuş tranzaksiyalar siyahımıza daha 32 Rusiya bankını, həmçinin kriptovalyuta şirkətlərini və neft ticarəti platformalarını əlavə edirik. Rusiya hərbi maşınının bazar sarsıntılarından faydalanmaması üçün neftin tavan qiymətinin korreksiyasını bir il müddətinə dondururuq", - o qeyd edib.

    Avropa Komissiyasının rəhbəri həmçinin bildirib ki, sanksiyalar ilk dəfə olaraq Rusiyanın "kölgə donanmasına" yardım edən gəmilərə də şamil edilib. O vurğulayıb ki, Avropa İttifaqı Rusiya hərbi gəmilərinin Aİ ölkələrinin limanlarına daxil olmasının rəsmi olaraq qadağan edilməsi istiqamətində mühüm addım atıb.

    Fon der Lyayen yeni sanksiyalar paketi ilə bağlı razılaşmanın əldə olunmasında göstərdiyi köməyə görə Aİ Şurasına sədrlik edən İrlandiyaya təşəkkür edib.