XƏBƏRLƏR / Maliyyə

AİB Azərbaycanın daxil olduğu regiona yeni rəhbər göndərib

Bu barədə Asiya İnkişaf Bankı məlumat yayıb

AİB Azərbaycanın daxil olduğu regiona yeni rəhbər göndərib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Asiya İnkişaf Bankı (ADB,AİB) Leah Gutierrezi Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru təyin edib.

    Bu barədə AİB-dən bildirilib. Qeyd edilib ki, Leah Gutierrezi AİB-in Əfqanıstan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan da daxil olmaqla 11 ölkə ilə əməkdaşlığına rəhbərlik edəcək.

    Xatırladaq ki, xanım Gutierrez 25 ili AİB-də olmaqla ümumilikdə 40 ildən çox peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər AİB-in maliyyə, insan kapitalı və sosial inkişaf, dövlət idarəetməsi və idarəçilik sahələrini əhatə edən Sektorlar üzrə 3-cü Departamentin Baş direktoru, həmçinin AİB-in Sakit Okean Regional Departamentinin keçmiş Baş direktoru olub. Xanım Gutierrez AİB-in Strategiya, Siyasət və Tərəfdaşlıqlar Departamenti, Cənub-Şərqi Asiya Regional Departamenti və Katiblik Ofisində də yüksək vəzifələrdə çalışıb.

    Qeyd edək ki, Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə 5 milyard ABŞ dollardan çox, o cümlədən nəqliyyat layihələri üçün 1,5 milyard ABŞ dolları, enerji layihələri üçün isə 1,7 milyard ABŞ dolları kredit ayırıb.

    Bundan əlavə, ADB səhiyyə, kənd təsərrüfatı və maliyyə sektorlarında layihələri dəstəkləyir.

    Hazırda bank Azərbaycanla 2025-2029-cu illər üçün yeni Tərəfdaşlıq Strategiyasını hazırlayır. Prioritet sahələrə “yaşıl” infrastrukturun maliyyələşdirilməsi, su ehtiyatlarının idarə edilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ixracın diversifikasiyası və “yaşıl” bacarıqların inkişafı daxildir.

    Əvvəlki tərəfdaşlıq strategiyası 2019-2023-cü illəri əhatə edirdi.

    ADB 1966-cı ildə yaradılıb və baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın tərkibinə 69 ölkə daxildir ki, onlardan 50-i Asiya-Sakit okean regionunda yerləşir.