Alkoqollu içkilərin satışının minimum qiyməti müəyyənləşir
Məsələ MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması qaydası müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən yeni - 29-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Alkoqollu pərakəndə satışına dair içkilərin minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunacaq. Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.
QAYDANI ZƏRURİ EDƏN SƏBƏB
Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt eyni zamanda qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir.
Qanun layihəsinə əsasən:
- alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək;
- minimum qiymətin müəyyən edilməsi məqsədilə müvafiq qayda təsdiq ediləcək;
- pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək.
Qeyd edilib ki, qanun layihəsi alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək.