Almaniya Qarabağda su kəməri və kanalizasiya sistemi tikəcək
Almaniyanın altı şirkətinin səfəri və Azərbaycanın dövlət qurumları ilə görüşləri təşkil edilib
Bakıda bu məsələyə həsr olunmuş konfransda Almaniya şirkətlərinin nümayəndələri öz imkanlarını və digər ölkələrdə görülən işləri nümayiş etdiriblər.
Palatanın icraçı üzvü Tobias Bauman deyib ki, mətbuatda Bakı və Berlin arasında müəyyən "siyasi fikir ayrılıqları" barədə çoxlu məlumatlar dərc olunur. Əslində Azərbaycan və Almaniya "sıx iqtisadi əməkdaşlığı saxlayırlar".
Onun sözlərinə görə, əvvəlcə şirkətlərin nümayəndələrinin Qarabağa səfəri planlaşdırılırdı, lakin "açıqlanmayan səbəblərə" görə səfər baş tutmayıb. Bauman əmin olduğunu bildirib ki, daha sonra belə səfər baş tutacaq.
Almaniyanın Azərbaycandakı diplomatik missiyasının rəhbərinin müavini Heyko Şvarts bildirib ki, onun ölkəsinin Xarici İşlər Nazirliyi digər ölkələrin əhalisinin təmiz su ilə təchizatı probleminə böyük diqqət yetirir. O hesab edir ki, Almaniya Azərbaycana faydalı ola bilər, Almaniya şirkətləri və texnologiyaları azad edilmiş ərazilərdə idarə olunan çirkab və təmiz su sisteminin qurulmasına kömək edəcək.
Konfransda Almaniyanın Lutz-Jesco GmbH, Megger Germany GmbH, Herrenknect, Siemens AG Osterreich, Bioworks Verfahrenstechnik GmbH, GuPont Water Solutions şirkətlərinin nümayəndələri çıxış ediblər.
Azərbaycan prezidentinin azad edilmiş ərazilərdə xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qeyd edib ki, Almaniya şirkətlərinin gəlişi vacibdir, çünki Azərbaycan yaşıl texnologiyaların tətbiqilə yüksək texniki səviyyədə bərpa işləri aparmaq niyyətindədir.
Almaniya şirkətlərinin nümayəndələrinin səfərinin təşkilində və konfransın keçirilməsində Almaniya Federal Ətraf Mühit və Nüvə Təhlükəsizliyi Nazirliyi iştirak edib.