Amerikalılar onlara aid olmayan məsələlərə qarışırlar
Bunu İran XİN sözçüsü Nasir Kənani Azərbaycandan Naxçıvana dəhliz yaradılması haqda ABŞ rəsmisinin bəyanatını şərh edərək deyib
"Amerikalılar onlara aid olmayan məsələlərə müdaxilə edirlər."
Tasnim xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms O`Brayenin İranın Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəhliz yaradılmasında iştirakı ilə bağlı səsləndirdiyi tənqidləri şərh edərkən bildirib.
“Amerikalılar onlara aid olmayan məsələlərə müdaxilə edirlər. İranın region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığı davam edir və amerikalıların İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
Amerikalılar regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidirlər”, - İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani bildirib.
Xatırladaq ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen Konqresdə deyib ki, “İstənilən dəhliz yalnız Ermənistanın razılığı ilə yaradılmalıdır ki, bu da region ölkələri və dünya bazarları üçün tranzit bumuna səbəb olacaq, çünki bu mallara çıxış təmin olunacaq. Hər hansı başqa yolla, güc tətbiq etməklə və ya İranın iştirakı ilə yaradılan nəqliyyat dəhlizi qətiyyətli cavabla üzləşəcək”.