Amerikalıların təxminən yarısı (49 faizi) hesab edir ki, prezident üçün 50 yaş ən yaxşı yaş dövrüdür.
Bu barədə məlumat Pew Research Center araşdırma mərkəzinin keçirdiyi rəy sorğusunda əksini tapıb.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 24 faizi dövlət başçısı üçün optimal yaş həddinin 60 olmasını məqbul sayır, 17 faizi isə 40 yaşa üstünlük verir. Eyni zamanda, sorğuda iştirak edənlərin yalnız 3 faizi prezident seçilmək üçün 70 və daha yuxarı yaşın ən yaxşı yaş dövrü olduğunu bildirib.
Sosioloji tədqiqat bir çox amerikalının daha gənc liderə malik olmaq istəyi ilə prezidentliyə namizədlərin yaşı arasında uyğunsuzluğu üzə çıxarıb. Belə ki, 2024-cü ildə keçiriləcək seçkilərdə Demokratlar Partiyasından namizədliyini irəli sürən ABŞ prezidenti Cozef Baydenin hazırda 80 yaşı var. Onun əsas rəqibi və respublikaçıların aparıcı namizədi, sabiq prezident Donald Tramp isə 77 yaşındadır.