XƏBƏRLƏR / Qonşular

Amfibiya təyyarəmiz Türkiyədə yanğınla mübarizədə YENİLƏNİR

FHN xəbər verir VİDEO

Amfibiya təyyarəmiz Türkiyədə yanğınla mübarizədə YENİLƏNİR
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 18:38

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.

    Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

    ***

    11:30

    Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın liderinə xahişi əsasında Türkiyəyə göndərilən “BE-200ÇS” amfibiya təyyarəsi İzmir vilayətinin qərbində meşə yanğınlarının söndürülməsində iştirak edəcək.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

    Türkiyəli nazirin sözlərinə görə, Azərbaycandan göndərilən təyyarə yanğın zonasına hər uçuşda 12 ton su buraxa bilir. O, həmçinin məlumat verib ki, yanğın bölgəsindən 4159 nəfər təxliyə edilib. Dövlət fəlakət zonasında əhalini dəstəkləmək üçün maliyyə vəsaiti ayırıb.

    Nazirin sözlərinə görə, ölkənin meşə massivlərinin yandırılmasında şübhəli bilinən bir neçə şəxs saxlanılıb. Yerlikaya əlavə edib: “Yanğınlar törədən şəxslər aşkar olunur və hüquq-mühafizə orqanlarına təhvil verilir”.

    Bununla yanaşı, Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, avqustun 18-i səhər saatlarında daxil olan məlumata görə, ölkə ərazisində meşə yanğınlarının 8 fəal ocağı qeydə alınıb. “Təkcə son iki gün ərzində aviasiya yanğın zonalarına 7 min 662 ton su buraxıb”, -deyə o bildirib.

    Nazir Azərbaycandan kömək üçün göndərilən təyyarədən də danışıb. Qardaş ölkəyə təbii fəlakətlə bağlı dəstəyə görə təşəkkürünü bildirən Yumaklı deyib: “Amfibiya təyyarəsi avqustun 18-də gecə saatlarında İzmirin Adnan Menderes Hava Limanına enib”.

    ***

    07:30

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.

    Bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.

    ***

    02:35

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola salınıb.

    Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

    Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan təyyarə Türkiyənin İzmir şəhərinə istiqamət alıb.