ANAMA-nın əməkdaşları Füzulidə qəzaya düşüb YENİLƏNİB
Hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib

17:42
Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Qəhrəmanov Salman, 2000-ci il təvəllüddlü Bəylərzadə Ramiz və 1990-cı il təvəllüdlü Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:
"İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib".
TƏBİB-dən isə bildirilib ki, xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.
Qeyd olunub ki, yaralılara lazımi tibbi müdaxilələr edilib, onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyətləri ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər.
Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır.
***
16:03
ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb.
Hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.
Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 171-ci kilometrliyində, Füzuli rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"BMW" markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan şəxslər Samir Qəhrəmanov, Ramiz Bəylərzadə, Mustafa Qasımov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara təcili təxirəsalınmaz tibbi yardım göstərilib, daha sonra Gəncə şəhərindəki xəstəxanaya təxliyə olunublar.
Faktla bağlı araşdırma aparılır.
Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.