BLOQ

Anasını şeirə qısqanan şəhid oğlu

Şair Şəhriyar Del Gerani yazır

Anasını şeirə qısqanan şəhid oğlu
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Şəhid ailələrinin tədbirində çıxış edirdim. Dəvət olunduğum yerlərdə çalışıram, ümumiyyətlə, danışmayım, şeiri oxuyum, keçim yerimə. Xüsusilə belə həssas məclislərdə heç danışa bilmirəm, utanıram. Nə danışasan axı…

    Xülasə, bu dəfə də belə etdim, şeirləri oxuyub keçdim yerimə. Az keçmişdi qarabuğdayı bir oğlan uşağı yaxınlaşıb soruşdu: “Bir söz deyə bilərəm qulağınıza?”

    Dedim, əlbəttə, buyur.

    Pıçıldadı ki, "Atama şeir yaza bilərsiniz?”.

    Dedim, niyə yazmıram?! Yazaram. Atan haqda məlumat…

    Telefonu alıb vikipediya səhifəsini göstərdi. Nömrəmi verib “Vatsapa yazarsan, şeir hazır olan kimi göndərərəm” deyibən sağollaşdım. Bir neçə addım gedib qayıtdı, yenə qulağıma pıçıldadı, “Yazarsınız ki, onun üçün çox darıxıram”. Alnından öpüb, “Baş üstə” - dedim, “Yazaram”. Getdi. Çox keçmədi yenə qayıtdı, “Əmi, bacım da darıxır onunçün, bunu da yazarsınız?”
    Dedim, “Gözlərim üstə, onu da yazaram”. Getdi. Onsuz da həssas, qəlbiyuxa adamam, özümü güclə saxlayıram ağlamamaqçün. Gördüm yenə gəlir həyəcanla. Gəlib çatdı, iki addım qalmış nə düşündüsə, daşındı fikrindən, qayıtdı. Çağırdım, gəldi.
    Soruşdum: Nəsə sözün vardı?

    Başını aşağı saldı, qulaqlarınacan qızardı. Boynunu qucaqlayıb, “Utanma, de, nə deyəcəkdin?” - soruşdum.
    Dedi, “Heç nə, deyəcəkdim anam… anam da darıxır onunçün, onu da yazın…”.

    Bunu deyəndən sonra sanki çiyinlərindən yük götürüldü uşağın. Qəflətən üzündə yaşına yaraşmayan qürur peyda oldu və tamamilə təmkinli intonasiyayla sual etdi: "Əmi, amma düzünü de, ayıb deyil ki? Hə?".