Qarabağ ermənilərinə yalançı ümid verilməməlidir
Bunu Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib YENİLƏNİB
Paşinyan bildirib ki, Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və Ermənistanda daimi yaşamalıdırlar.
"Bizim üçün vacib məsələlərdən biri də qaçqın düşmüş Qarabağlı qardaş və bacılarımızın emosiyalarını istismar etməmək, onlara yalançı ümid verməməkdir.
Bu baxımdan strategiyamız çox aydındır: Qarabağlı qardaş və bacılarımız Ermənistan vətəndaşlığını almalı və Ermənistan Respublikasında daimi yaşamalıdırlar", - deyə Ermənistan mediası onun sözlərini sitat gətirib.
***
Ermənistan TRIPP-in həyata keçirilməsini təxirə salmaq niyyətində deyil, buna heç bir səbəb yoxdur.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistanla ABŞ arasında müvafiq saziş imzalanacaq və TRIPP layihəsinin praktiki icrasına başlanılacaq.
Ermənistanın Baş naziri bildirib ki, İrəvan artıq Azərbaycan üzərindən tranzit yollarından istifadə edir və istənilən vaxt Azərbaycan və Türkiyə arasında tranziti təmin etməyə hazırdır.
O, Ankara və Bakının hələlik İrəvanın qarşılıqlı təklifindən istifadə etmədiyini qeyd edib.
Paşinyan əmindir ki, kommunikasiya yollarının açılması ilə bağlı Ermənistan və Azərbaycanın niyyətləri bir-birinə zidd deyil və hər iki tərəfin maraqlarına əsaslanır.
“Biz gərgin və dəyişkən bir regionda yaşayırıq və əgər özümüz özümüzə qayğı göstərməsək, bu sarsıntılar bizə də təsir edəcək. Aramızda münaqişələr dövlətçiliyimizi həssas vəziyyətə gətirir və bizi geosiyasi baxımdan əlverişli bir hədəfə çevirir”, – o əlavə edib.

Bizim üçün vacib məsələlərdən biri Qarabağı tərk edən ermənilərin emosiyalarından sui-istifadə edilməməsidir.
APA xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa parlamentində çıxışı zamanı deyib.
Paşinyanın sözlərinə görə, Qarabağı tərk edən ermənilər Ermənistan vətəndaşlığını almalı və daimi olaraq Ermənistan Respublikasında yaşamalıdır: “Biz artıq onların məskunlaşması proqramını başlamışıq və bu proqram 4 886 ailəyə fayda gətirib. Bu məsələnin həllində sülhün möhkəmləndirilməsi üçün beynəlxalq tərəfdaşlarımızdan maksimum dəstəyə ehtiyacımız var”.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh gündəlik qayğı tələb edir.
“Ermənistan və Azərbaycan arasında sülh təmin olunub, amma o gündəlik qayğı tələb edir, əks halda illərlə sabit qalmış regionların bir neçə gün içində gözümüzün önündə müharibənin girdabına düşdüyü kimi o çox sürətlə dağılacaq”, - o bildirib.
Paşinyan, həmçinin Ermənistan və Azərbaycan arasında təmin olunmuş sülhün mükəmməl olmaması ilə bağlı ölkə hakimiyyətinə qarşı səsləndirilən tənqidlərə də toxunub.
“Bizi tənqid edirlər ki, Ermənistan və Azərbaycan arasında təmin olunmuş sülh ideal deyil. Xahiş edirəm, deyin görək, harada ideal sülh var, harada ideal sülh olub və nə vaxt mövcud olub? Əksinə, məhz sülhə can atmaq onu mümkün qədər mükəmmələ yaxın edə bilər”, — Nikol Paşinyan əlavə edib.
3 dəqiqə