XƏBƏRLƏR / Terror

Ankarada terror hücumunun təşkilatçısı bəlli oldu YENİLƏNİB

Bu barədə "TRT Haber" məlumat yayıb

Ankarada terror hücumunun təşkilatçısı bəlli oldu YENİLƏNİB
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 15:27

    Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında TUSAŞ-a hücumu həyata keçirən terrorçunun şəxsiyyətinin müəyyən edildiyini açıqlayıb.

    Yerlikaya PKK terror təşkilatının üzvü Rojger kod adlı Əli Örek olduğunu və digər qadın terrorçunun şəxsiyyətinin müəyyənləşdirilməsi işlərinin davam etdiyini bildirib.

    Qeyd edək ki, dünən Ankarada TUSAŞ-da törədilən terror aktında 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

    ***

    10:42

    Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz, daxili işlər naziri Əli Yerlikaya, səhiyyə naziri Kamal Memişoğlu və Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın müşayiəti ilə Türk Hava və Kosmik Sənayesi Anonim Şirkətinin (TUSAŞ) Kahramankazan rayonundakı şəhərciyində törədilən terror aktı nəticəsində yaralananlara baş çəkib.

    Xəstəxanadan çıxarkən açıqlama verən C.Yılmaz terroru və terrorun arxasında duranları lənətləyib.

    Bu dəhşətli hadisədə 5 nəfərin həlak olduğunu, 22 nəfərin yaralandığını deyən Yılmaz yaralıların çoxunun vəziyyətinin yaxşı olduğunu bildirib.

    Yılmaz terror hadisələrinin Türkiyədə qorxu salmaq, xalqın dincliyini pozmaq kimi məqsədləri olduğuna diqqət çəkib və deyib:

    "Bu gün yaşadığımız terror aktı ölkəmizin müdafiə sənayesini, əldə etdiyi nailiyyətləri hədəf alan terror aktıdır. Bunu keçmişdə olduğu kimi, terror aktı törədənləri də açıq və aydın şəkildə ifadə etmək istərdik: terrorçular və onlardan alət kimi istifadə edənlər heç vaxt öz məqsədlərinə çata bilməyəcəklər".

    "Şəhid olan bir taksi sürücüsü qardaşımız var, digərləri TUSAŞ əməkdaşlarıdır. Polislərimiz arasında şəhid yoxdur, 7 polisimiz yaralanıb, amma vəziyyətləri yaxşıdır. Onların əksəriyyəti xəstəxanalarımızda ehtiyat tədbiri olaraq saxlanılır. Bir nəfər ağır yaralı var.

    ***

    09:25

    Hücumda Türk Aerokosmik Sənayesi Anonim Şirkətində (TUSAŞ) keyfiyyətə nəzarət məmuru vəzifəsində çalışan Cengiz Coşkun, mexanika mühəndisi Zahide Güçlü, TUSAŞ əməkdaşı Həsən Hüseyn Canbaz, təhlükəsizlik işçisi Atakan Şahin Ərdoğan və taksi sürücüsü Murat Arslan həlak olub.

    Hücum zamanı yaralanan 22 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.

    Son məlumata görə, TUSAŞ-da törədilən terror aktında 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.

    Hücum zamanı həlak olanlardan Zahide Güçlü ərinin göndərdiyi gülləri almaq üçün şəhərciyin girişinə gedibmiş.

    Bu arada terrorçuların Murat Arslanı Kahramankazan rayon mərkəzində "Arslan" Taksi dayanacağına bağlı avtomobilə mindikdən sonra öldürdükləri və cəsədini avtomobilin baqajında ​​gizlətdikləri bildirilib.

    ***

    23.10.2024-cü il

    20:17

    zərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ankarada törədilmiş terror aktı ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

    Dövlətimizin başçısı başsağlığı məktubunda bildirib: “Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca sarsıtdı.

    Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

    ***

    19:56

    Türkiyə Aerokosmik Sənayesinə (TUSAŞ) edilən terror hücumunda 2 terrorçu zərərsizləşdirilib. Hücum zamanı 4 nəfər həlak olub, 14 yaralı var, onlardan 3-nün vəziyyəti ağırdır. 

    ***

    19:38

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Aerokosmik Sənayesinə (TUSAŞ) hücumu pisləyib.

    Hücum zamanı həyatını itirənlərə rəhmət, yaralıların isə tezliklə sağalmasını diləyib.

    Ərdoğan hücum zamanı 4 nəfərin öldürüldüyünü bildirib.

    Rusiya Prezidenti Vladimir Putin də həmkarı R. T. Ərdoğanla görüşündə terror aktını pisləyərək başsağlığı verib.

    ***

    18:43

    Azərbaycan Xarici İşlər Nazirliyi Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasında baş verən terror aktını pisləyib.

    XİN “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib:

    “Qardaş Türkiyədə Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktını qətiyyətlə pisləyirik! Bu xain terror aktı nəticəsində şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik! Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır!”, - paylaşımda deyilir.

    ***

    18:38

    TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.

    İlkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.

    Terrorçuların insanları girov götürdüyü ehtimal olunur. Polis ərazini mühasirəyə alıb.

    Terrorçular avtomat və tapançalarla silahlanıblar və eyni zamanda partlayıcı maddə və çoxlu sayda sursata malik ola bilərlər.

    KİV-in məlumatına görə, polis helikopterləri hadisə yerində patrul çəkir.

    ***

    17:30

    Türkiyənin daxili işlər naziri Əli Yerlikaya TUSAŞ-ın binasında baş verənləri terror aktı adlandırıb.

    O, bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

    Nazir hadisə nəticəsində ölən və yaralananların olduğunu da bildirib.

    ***

    17:24

    Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Partlayışın səbəbləri hələ məlum deyil.

    “Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir”, - deyə məlumatda bildirilir.