BLOQ

ANS-siz 8 il...

Televizorlarda ANS-in işığı yanmır, lakin faktiki fəaliyyət göstərənlərə rəqibdir

ANS-siz 8 il...
  • Oxuma müddəti:

    3 dəqiqə

  • ANS-in efirdən uzaqlaşması həm televiziya sahəsində, həm də tamaşaçılar arasında böyük bir boşluq yaratdı. Çoxlarımız üçün ANS sadəcə bir televiziya kanalı deyil, eyni zamanda bir dost, bir ailə üzvü kimi idi. Bu səbəbdən, onun bağlanması hamımızın ürəyində dərin bir yara qoydu. ANS həqiqətən bir məktəb idi. İnşallah, çox keçməz və ANS TV yenidən yayımını bərpa edər, yenidən bir məktəb kimi fəaliyyət göstərər!

    ANS yetişdirdiyi kadrların timsalında fəaliyyət göstərir. Televizorlarda ANS-in işığı yanmır, lakin faktiki fəaliyyət göstərənlərə rəqibdir. Çünki hələ də ANS-lə müqayisə olunurlar və bu müqayisədə ANS üstünlüyünü qoruyub saxlayır.

    Dünən və bu gün yüzlərlə namə aldım – e-mailimə, whatsapp, sms, messenger, telegram, telefon və digər rabitə vasitələri ilə. Bütün ANS-çilər və bizim minnətdar tamaşaçılarımız bir adam kimi bu gün mənə təsəlli verməyi özlərinə borc bildilər. Mənə və Seyfullaya dəstək olurlar, bizim və özlərinin həyatında ən parlaq, maraqlı və Vətənə və Xalqımıza təmənnasız, fədakarcasına və şərəflə qulluq səhifələrini unutmurlar! 

    Təşəkkür edirik bu mükafatlara görə! Biz bu gün də çalışırıq Sizə layiq olaq. Baxmayaraq ki, Vətənpərvərlik ruhunda tərbiyə etdiyimiz, jurnalistika sənətini akademik səviyyədə təhsil verdiyimiz minlərlə əməkdaşımız dəyərli muncuqlar kimi bütün Azərbaycana səpələnib, milli özünüdərketmə dəyərlərini daim aşıladığımız milyonlarla minnətdar tamaşaçımız Dəqiq, Qərəzsiz və Vicdanlı xəbərlər devizi ilə fəaliyyət göstərən ANS-siz qaldı, möhürlənmiş ANS binasında on milyonlarla ABŞ dolları dəyərində əmlakımız, avadanlıqlarımız qaldı - amma yenə də bizim əsas Dəyərimiz - Siz, Azərbaycan Xalqı bizimləsiniz! Allah Sizi qorusun! 


    Heç vaxt Qarabağda olmayan və zəbt olunmuş torpaqlarımız barədə yalnız ANS-in daimi Vətənpərvərlik, "Döyüş alnınıza yazılıb" devizi və ideologiyası ilə hazırlanan verilişlərindən məlumat alan, buna görə illərlə zəncir çeynəyən və son nəticədə torpaqlarımızı azad edən Şəhidlərimizə Allah rəhmət eləsin! ANS-in Vətənpərvərlik ruhunda gənclərimizi tərbiyə etməsini Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə qeyd ediblər. Demək, bizim də Azərbaycanın qələbəsində, az da olsa, zəhmətimiz var. Bunu heç vaxt unutmayın, əziz ANS-çilər və bizim dəyərli tamaşaçılarımız! Allah Sizə uzun ömür, cansağlığı versin, Azərbaycan uğrunda canlarından keçən bütün Şəhidlərimizə rəhmət eləsin!