BLOQ

QHT-lərin Qarabağ erməniləri barədə hesabatının təhlili

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi yazır

QHT-lərin Qarabağ erməniləri barədə hesabatının təhlili
  • Oxuma müddəti:

    4 dəqiqə

  • İyulun 2-də “Freedom House” və digər beynəlxalq QHT-lərin hazırladığı, Azərbaycanı “etnik təmizləmə”, “insanlığa qarşı cinayətlər” və “müharibə cinayətləri”ndə ittiham edən hesabat dərc edib.

    Hesabatdan belə görünür ki, bu beynəlxalq təşkilatları bir yerə gətirən, əmək bölgülərini müəyyənləşdirən və fəaliyyətlərini koordinasiya edən bir mərkəz var. Həmin mərkəz isə hesabatda adı çəkilməyən ABŞ Dövlət Departamentidir. Bu sadəcə ittiham və ehtimal deyil. Sözügedən hesabatın hazırlanmasını koordinasiya etdiklərini və nəticələrini gözlədiklərini ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn azı iki dəfə kameralar qarşısında özü etiraf edib (Konqresdəki dinləmələr zamanı çıxışı - noyabr, 2023 və Ermənistanda Azadlıq Radiosuna müsahibəsi - iyun, 2024). Hələlik fakt odur ki,
    bu hesabat gələcəkdə Azərbaycana qarşı müxtəlif məhkəmələrdə, beynəlxalq təşkilatlarda və qanunverici orqanlarda istifadə etmək səviyyəsinə çatdırılıb.

    Bu hesabat Azərbaycana qarşı gizli gündəliyin və planın olduğu haqqda əsaslı şübhələri bir daha sübut etdiyinə görə sıradan bir sənəd deyil. Bu sənəd haqqında O’Braynın əvvəl dedikləri onu sübut edir ki, sülh müqaviləsi imzalansa belə həmin plandan və gizli gündəlikdən imtina edilməyəcək(di), əksinə, sülh müqaviləsi imzalandıqdan sonra həmin plan tam işə düşəcək. Bu planın işə düşməməsi, sülh müqaviləsi ilə bütün məsələlərin birdəfəlik və həmişəlik bağlanması üçün Azərbaycan Ermənistandan öz Konstitusiyasından və qanunvericiliyindən Azərbaycan torpaqlarının anneksiyasını qanuniləşdirən maddələrin çıxarılmasını tələb edir. Eləcə də, Ermənistana təklif edilib ki, Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanla birlikdə ATƏT-ə müraciət edilsin. Ermənistan hələlik buna müsbət cavab verməyib. Çünki
    nə Ermənistanın, nə də onun havadarlarının Qarabağ məsələsini beynəlxalq gündəlikdən çıxarmaq niyyətləri yoxdur.

    O’Brayn Konqresdəki dinləmə zamanı ABŞ-ın bölgədə fəaliyyətinin üç istiqamətdə olduğunu göstərmişdi:

    1. Qarabağ ermənilərinə hərtərəfli yardım və onların geri qaytarılması;

    2. Ermənistana yardım edilməsi;

    3. Sülhün əldə olunması.

    Beləliklə, prioritetlərin sıralanmasında biz sülhü birinci yerdə görmürük.

    “Freedom House” hesabatının prizmasından O’Braynın iki çıxışına baxanda daha yaxşı aydın olur ki, Bayden administrasiyasının hədəfi tələsik sülh müqaviləsini imzalayandan sonra növbəti mərhələ üçün işlərə başlamaq olub. Bu hesabat onu göstərir ki,
    Bayden administrasiyası Azərbaycanla qeyri-səmimi davranır. Ona görə də ABŞ Minsk qrupu, Ermənistan Konstitusiyası və qanunvericiliyi ilə bağlı məsələlərini bağlamadan Azərbaycanı sülh müqaviləsini tələsik imzalamağa sövq etməyə çalışır. Bunun üçün şirnikləndirici təkliflər və təzyiqlər də edili(b)r.

    Nə üçün ABŞ Dövlət Departamenti BMT-nin və digər beynəlxalq təşkilatların ilkin qiymətləndirilməsi ilə qane olmur və razılaşmır? Nə üçün “Freedom House” hesabatının hazırlanmasında həm müsahibə verən, həm də müsahibə alanların ermənilər olması qəbul edilir? Ancaq Azərbaycan televiziya kanallarının həmin günlərdə götürdükləri yüzlərlə videomüsahibələr əsaslı faktlar sayılmır? Bu cür hesabatlarla, yəni, nəticədə Azərbaycanı etnik təmizləmədə ittiham etməklə ABŞ nəyə nail olmağa çalışır?