BLOQ

Azadlıq...

Problemlərimizin kökü çox dərindədir

Azadlıq...
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Eyni ailənin üzvləri bir evin altında bir-birinə azadlıq vermir. Arvad ərinə azadlıq vermir. Ər arvadına azadlıq vermir. Bacı qardaşa, qardaş bacıya azadlıq vermir. Çünki heç biri azadlığın nə olduğunu bilmir. Amma hamısı bir yerdə azadlıq istəyir. Əgər istəyirsə... İstə, yaxşı eləyirsən. Demirəm niyə istəyirsən. Amma bu zehniyyətlə bu istəyə nail olmaq mümkün deyil. Uzaqbaşı yığılıb bir yerə hakimiyyəti dəyişəcəksən. Torpaqlarımız alınandan 3-5 ay sonra həyatında heç nəyin dəyişmədiyini gördüyün kimi, indi də görəcəksən ki, hakimiyyət dəyişib, amma sistemində və həyatında heç nə dəyişməyib. Çünki o sistem sənin şüurundadır, zehniyyətindədir. O şüurun üzərində uzaqbaşı kosmetik dəyişiklərdən ibarət hakimiyyət qurmaq olar. Yaxud, insanların şəxsi yazışmalarını, intim videolarını ələ keçirmək və yaymaq cinayətdir. Amma hakimiyyət bu cinayətə gedir. Niyə? Çünki o videolara baxmaq istəyən böyük bir toplum mövcuddur. Bu o deməkdir ki, hakimiyyət cinayətkardırsa, toplum da cinayətkar zehniyyətə sahibdir. Siz heç görmüsünüz ki, cinayətkar zehniyyətə sahib toplumun sivil, demokratik hakimiyyəti olsun? Toplumun siyasiləşməsi vacib bir məsələ deyil. Vacib olan toplumun mədəniləşməsidir. Bizim isə ümumiyyətlə mədəniyyət anlayışımız səhvdir. Bütün anlayışlar dilimizdə var. Ləyaqət, əxlaq, vicdan... Ancaq onların heç biri bizim şüurumuzda yerbəyer olmayıb. Bir qadına əxlaqsız deyiləndə hamı düşünür ki, yəqin kişi ilə gəzir. Bu ölkədə bütün əxlaq anlayışları cinsi faktorla əlaqələndirilir. Təsəvvür edin, bizim qiymətləndirmə meyarımız vicdan, ləyaqət, əxlaq kimi anlayışlardır, onların da mənasının nə olduğunu bilmirsən. Bu ağılla hansı düzgün qərarlar verəcəksən? Məsələn, biri sənə vicdansız deyir. Tez ona sual versən ki, vicdan nədir? Cavab belə olacaq: necə yəni? Çünki bilmir. Sözdür də, ağzına düşüb, deyir. Tez soruşsan ki, bəs əxlaq nədir? Başalayacaq namusdan, qeyrətdən danışmağa. Namus-qeyrət nədir soruşmaq isə ümumiyyətlə təhlükəli sualdır. Azərbaycan insanına bu sualı vermək adamdan böyük hünər və cəsarət istəyir. Yəni ondan namus nədir, qeyrət nədir soruşursansa, belə çıxır ki, ona namusuna, qeyrətinə şübhə edirsən. Bizim cəmiyyət olaraq, fərd olaraq öz aramızda bu boyda senzura var, qadağalar var, məhdudiyyət varsa, necə senzurasız hakimiyyətimiz ola bilər?

    Bütün bu şeylər haqqında düşündükcə görürsən ki, bu ölkədə minumum səviyyədə aydın bir adam yaratmaq nə boyda böyük bir işdir. Söhbət hələ bircə adamdan gedir. Və bu dediklərimi anlamaq da hələ bilgi deyil, əlifbadır, məktəbəqədər hazırlıq mərhələsidir. Əsl bilgi bunları anlayandan sonra başlayır. 

    Bizim problemlərimizin kökü çox dərindədir. Bütün problemlərin həlli yalnız özümüzü dəyişməkdən keçir, fərdi məsuliyyətdən başlayır. Onun üçün də oxumaq, öyrənmək lazımdır. Bizdə isə uzun yazı oxuya bilmirlər, hakimiyyət dəyişmək istəyirlər.