17:18
Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirdə Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış etdi.
Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

***
Qeyd edək ki, geosiyasi gərginliklər, dəyişən güc balansları, ticarət maneələri və çoxtərəfliliyə artan təzyiq fonunda cari qlobal mənzərənin proqnozlaşdırılması getdikcə daha çətin xarakter alır. Beşinci Forumun mövzusu "Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək" riskləri və imkanları müəyyənləşdirməyi, strategiyalar hazırlamağı və əldə olunan razılaşmaları əməli addımlara çevirməyi tələb edir.
Builki forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir.
Forum çərçivəsində liderlərin panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.
***
17:04
Antalya Diplomatiya Forumu artıq qlobal bir brendə çevrilib. Forumu oxşar tədbirlərdən fərqli edən isə onun birləşdirmə, görüşdürmə gücüdür.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan ADF2026-nın rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib.

“Qeyri-müəyyənliklərin artdığı bu dövrdə gələcəyin formalaşdırılması günümüzün əsas problemlərindən birinə çevrilib”, - deyən nazir Yaxın Şərqdə baş verən son proseslərə toxunaraq əldə olunan atəşkəsin davamlılığının zəruriliyini vurğulayıb.
Diplomatiyanın bütün qlobal problemlərin yeganə həlli yolu olmasının vacibliyini qeyd edən nazir deyib: “Qeyri-müəyyənliklərin artdığı bu dövrdə əsas sual gələcəyi hansı düşüncə, hansı iradə və necə bir baxışla formalaşdıracağımızdır. Məhz bu məqsədlə qlobal və regional məsələlər Antalyada müzakirəyə çıxarılacaq, həll yolları isə ortaq düşüncə və fikirlərlə formalaşacaq. Hər gün şahidi olduğumuz kimi, bir-birini alovlandıran böhranlarla qarşı-qarşıyayıq. Burada əsas olan təkcə böhranların və geosiyasi məhdudiyyətlərin artması deyil, həm də qeyri-müəyyənlik və böhranların beynəlxalq sistemin müvəqqəti nasazlığı olmaqdan çıxaraq, artıq dövrümüzün əsas xarakterinə çevrilməsidir”.
***
15:40
Türkiyədə beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) işə başlayıb.
BİRBAŞA
***
10:43
Bu gündən Türkiyədə beşinci Antalya Diplomatiya Forumu (ADF 2026) işə başlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan tədbir bu il “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək” mövzusunda təşkil edilib.
Builki foruma 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, eləcə də 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxsin qatılması gözlənilir.
Azərbaycan tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunur.
Üç gün davam edəcək forumda qlobal qeyri-müəyyənliklər və regional proseslər müxtəlif panel iclaslar, interaktiv sessiyalar və ikitərəfli görüşlərlə ətraflı müzakirə olunacaq. Builki tədbirdə Cənubi Qafqazdakı son vəziyyət də müzakirə olunacaq mövzular arasında yer alır.
ADF 2026-da dövlət rəsmiləri ilə yanaşı akademiklər, iş dünyasının mütəxəssisləri, media və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gətirilərək qeyri-müəyyənliklərin ən yaxşı şəkildə idarə olunması, qlobal problemlərin həlli və gələcək çağırışlara hazırlıq yolları araşdırılacaq, mümkün həll yolları barədə fikir mübadiləsi aparılacaq və ən yaxşı təcrübə nümunələri paylaşılacaq.
Forum çərçivəsində, liderlər panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur.
Sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və regional inkişaflar geniş spektrdə müzakirə olunacaq. Bununla yanaşı, siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzularının forum müzakirələrinin mərkəzində olması gözlənilir.
Tədbir dialoqun təşviqi, etimadın yenidən bərpası və daha güclü əməkdaşlığın qurulmasını hədəfləyir.
Qeyd edək ki, müxtəlif sahələr üzrə təxminən 5 min nəfərin qatılacağı tədbir dünyanın müxtəlif ölkələrindən mindən artıq media mənsubu tərəfindən işıqlandırılacaq.
5 dəqiqə