Aprelin 22-si Beynəlxalq Yer Günüdür
Bu gün dünyanın 193-dən çox ölkəsində qeyd olunur
Bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə ABŞ-ın Nebraska ştatının sakini Corc Morton Yaşıllaşdırma Gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si həmin ştatda Ağac Günü elan olunub. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək Yer Günü adlandırılıb.
Beynəlxalq Yer Günü BMT Baş Assambleyasının 2009-cu ildə keçirilmiş 63-cü sessiyasında təşkilatın 50-dən çox üzv dövlətinin birgə təşəbbüsü ilə təsis edilib.
İldə iki dəfə - aprelin 22-də və martın 20-21-də keçirilən Yer Günü planetin bütün məskunlaşmış guşələrində yaşayan hər bir sakinə böyük ümumi evimizə minnətdarlıq bildirmək imkanı verir.
Hər il dünyanın müxtəlif ölkələrindən alimlər bu gündə qlobal ekoloji problemləri müzakirə etmək üçün dəyirmi masaya toplaşırlar. Dünyanın 193-dən çox ölkəsində qeyd olunan Yer Günü münasibətilə müəyyən mövzuya həsr olunmuş müxtəlif tədbirlər və aksiyalar təşkil olunur. Bir milyarddan çox insanın iştirakı ilə Yer Günündə konfranslar, sərgilər, böyük şəhərlərin gur küçələrində nəqliyyatın bağlanması, ərazinin təmizlənməsi və kütləvi ağacəkmə kampaniyaları keçirilir.