Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsinin artması müşahidə olunur. Hazırda vəziyyət tam nəzarət altındadır və yaxınlıqdakı yaşayış məntəqələri üçün ciddi təhlükə yoxdur.
Bu barədə rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramo Hacıyev məlumat verib.
Komissiya sədrinin sözlərinə görə, Kürün mühafizə bəndinə qədər olan subasar ərazilər su altında qalsa da, hazırkı vəziyyət təhlükəli hesab edilmir. O bildirib ki, Kürdə suyun səviyyəsinin təhlükəli həddə çatması üçün suyun hazırkı səviyyədən təxminən 1–1,5 metr yüksəlməsi lazımdır.
Qeyd edilib ki, subasar ərazilərdə əsasən əkin sahələri yerləşir. Bundan əlavə, 1960–1970-ci illərdə tikilmiş 2-3 fərdi yaşayış evinin həyətinə və zirzəmilərinə su dolub. Həmin evlərin hər il suyun səviyyəsinin artdığı dövrlərdə oxşar vəziyyətlə üzləşdiyi bildirilib. Eyni zamanda, mühafizə bəndi ilə Kür çayı arasındakı yonca sahələri də su altında qalıb. Buna baxmayaraq, əsas mühafizə bəndi üçün hər hansı təhlükə qeydə alınmayıb.
Ramo Hacıyev əlavə edib ki, ötən həftənin cümə axşamı günündən etibarən mövcud vəziyyətlə bağlı kənd icra nümayəndəliklərinə və bələdiyyələrə müvafiq tapşırıqlar verilib. Hazırda ərazilərdə növbətçilik qrafiki tətbiq olunub və 24 saat nəzarət təşkil edilib.
Bildirilib ki, Kür Bənd İdarəsi və Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin əməkdaşları texnika və canlı qüvvə ilə əraziyə cəlb olunub. Müvafiq qurumların əməkdaşları tərəfindən mütəmadi olaraq sahələrə baxış keçirilir və vəziyyət operativ nəzarətdə saxlanılır.
Komissiya sədrinin sözlərinə görə, rayonun Əlibəyli kəndi ərazisində bəndin daxilində, Kürə yaxın hissədə yerləşən iki ev üçün suyun qalxması nəticəsində qismən təhlükə yaranıb. Artıq evlərdən birinin həyətinə gediş-gəliş yolu su altında qaldığından, həmin ailənin təhlükəsizliyi məqsədilə qohumlarının evinə köçürülməsi təmin edilib.
Mümkün risklərin qarşısının alınması məqsədilə zəruri hallarda operativ tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Hazırda isə yaşayış məntəqələri üçün ciddi təhlükə qeydə alınmayıb və vəziyyət nəzarət altındadır. (AZƏRTAC)
2 dəqiqə