Arayik Laçın yolu bağlanandan sonra Qarabağa necə keçdi?
I Qarabağ müharibəsinin iştirakçısı Azay Kərimov deyir ki, Arayikin Xankəndiyə dolanbac kənd yolları ilə qayıtması mümkündür
Qarabağ separatçıları ötən gün Xankəndidəki mərkəzi meydanda Azərbaycan əleyhinə mitinq təşkil edərək, təxribatçı çağırışlar səsləndiriblər. Özünü separatçıların “dövlət naziri” elan etmiş Ruben Vardanyan bu dəfə də mitinqdə kütləviliyi təmin etmək üçün əlindən gələni etməyə çalışıb. Təxribatçı aksiyaya mümkün qədər çox adam toplamaq istəyən R.Vardanyan bununla separatçı-terrorçu rejimin xaricdəki müdafiəçilərinə növbəti mesaj vermək istəyib.
Qərb ölkələrindəki havadarlarına, Rusiyaya və diaspora arxalanan Vardanyan dünənki mitinqdə Azərbaycana müharibə elan edib. Erməni milyarder deyib ki, onların üç yolu var: “Birincisi, tabe oluruq və gec-tez Azərbaycana inteqrasiya edirik, ikincisi, çıxıb gedirik, üçüncüsü, döyüşürük. Mən tabe olmayacam, getməyəcəm, burada qalıb döyüşəcəm”.
Dünənki aksiyada diqqət çəkən məqamlardan biri də son vaxtlar Ruben Vardanyanın kölgəsində qalmış separatçıların başçısı Arayik Arutyunyanın iştirakı idi. Halbuki onun Xankəndi - Laçın yolu bağlanandan sonra Ermənistandan Qarabağa qayıda bilmədiyi - İrəvanda, ya da Gorusda qaldığı güman olunurdu.
Xatırladaq ki, Azərbaycanın QHT nümayəndələri və ekofəallar Laçın yolundakı aksiyaya dekabrın 12-də başlayıb. Həmin ərəfələrdə öz dəstəsi ilə Fransada səfərdə olan A.Arutyunyan dekabrın 11-i İrəvana qayıtmış, ayın 12-də isə Qarabağa gəlmək istəyəndə yol bağlanmışdı.
Bəs dünənki Xankəndi mitinqdə iştirak edən Arayik Arutyunyan Laçın yolu bağlanandan sonra Qarabağa necə, hansı yolla qayıdıb?
I Qarabağ müharibəsinin iştirakçısı, əslən şuşalı, ehtiyatda olan polkovnik Azay Kərimov deyir ki, Arayik Arutyunyanın Xankədiyə dolanbac kənd yolları ilə qayıda bilməsi mümkündür. Onun sözlərinə görə, Laçın dəhlizinin girişinə Rusiya sülhməramlıları nəzarət etdiyindən Arayik rahat şəkildə hansısa maşında gizlənməklə Azərbaycan ərasisinə daxil olub. Daha sonra onu gətirən maşın hazırda azərbaycanlı ekofəalların aksiya keçirdiyi yerə çatmamış Şuşanın torpaq kənd yollarına burularaq üzü Xankəndiyə doğru hərəkət edib. Aksiya ərazisi geridə qalandan sonra onun maşını irəlidə kənd yollarından Xankəndiyə gedən asfalta çıxıb. A.Kərimov digər ermənilərin də həmin marşrut üzrə Xankəndiyə gəlib-gedə biləcəyini mümkün sayır.
“Xankəndinin arxa tərəfindən çıxan maşın yolu öncə Kərkicahan qəsəbəsindən keçir, 1 km-dən sonra Şuşa rayonunun Xəlifəli və Şırlan kəndləri gəlir. Şırlan kəndindən çıxışda isə 2 yolayrıcı var: sağa dönəndə Laçının Arduşlu və Minkənd kəndlərinə gedib çıxırsan.
Sola burulanda isə Laçının Fingə kəndinə, oradan da 500 metrdən sonra Xankəndi-Laçın yoluna - şüşə kimi asfalta çıxırsan, təxminən Turşsu (Lisaqor) kəndinin alt hissəsinə, hazırda bizim etirazçıların dayandıqları yerdən 60 km arxaya. O yol isə heç bir maneə olmadan düz İravana kimi gedir.", - deyə keçmiş döyüşçü bildirib.
A.Kərimovun sözlərinə görə, mümkündür ki, Arayik Arutyunyan və qeyriləri Laçın yolunda etiraz edən azərbaycanlıların arxasından keçən dolanbac yollarla Xankəndiyə gəliblər. Keçmiş döyüşçü o yerlərə yaxşı bələd olduğundan bu ehtimalı irəli sürdüyünü vurğulayıb. “Həmin yerdən Xankəndiyə təxminən 15 km məsafədir. Torpaq kənd yolları tam işlək vəziyyətdə olmasa da, TIR və yaxud böyük maşınların hərəkətinə yaramasa da, oradan “Ural”, “Zil”, “Niva”, Jeep” tipli avtomobillər gedib-gələ bilərlər”.
A.Kərimov Arayikin Xankəndiyə rusların köməyilə çatdırıldığını istisna etməyib. O, Azərbaycan hərbçilərinin nəhayət vəziyyətə əl qoymağını, Laçın dəhlizinin girişində ruslarla bərabər post qurmağı, separatçılara qarşı antiterror əməliyyatına başlamağı vacib saydığını vurğulayıb.