ATƏT DTİHB missiyası seçkiqabağı vəziyyəti qiymətləndirib
Hesabat müəllifləri qeyd edirlər ki, bu günə qədər təşviqat kampaniyası "zəif" keçib, müxalifət iştirak etmir
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabat təqdim edib.
Növbədənkənar seçkilər elan edildiyi gün - dekabrın 7-də Azərbaycan və Ermənistan münasibətləri normallaşdırmaq və suverenliyə və ərazi bütövlüyünə hörmət əsasında sülh müqaviləsi haqqında danışıqlar aparmaq niyyətini təsdiq edib.
Bu seçkilər bütün Azərbaycan ərazisində keçiriləcək ilk seçkilər olacaq, deyə sənəddə qeyd edilir.
Missiya qeyd edir ki, bir müddət əvvəl Seçki Məcəlləsinə bir sıra texniki dəyişikliklər edilib. Lakin düzəlişlər DTİHB-nin əvvəlki tövsiyələrini əhatə etməyib və əvvəllər müşahidə edilmiş çatışmazlıqları aradan qaldırmayıb.
Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarları (seçkilər zamanı pozuntularla bağlı) yerinə yetirilməyib.
"Media haqqında" və "Siyasi partiyalar haqqında" iki yeni qanunun bəyan edilən məqsədləri "media və partiyalar üçün əlverişli mühit təmin etmək" olsa da, DTİHB missiyasının bir çox həmsöhbətləri bu qanunların "ifadə və birləşmək azadlığı üçün məkanı daha da daralatdığını" qeyd ediblər.
Seçki komissiyaların tərkibi parlamentin siyasi tərkibini əks etdirir və peşəkar və yaxşı resurslara malik qurumlar təəsüratı yaradır, deyə hesabatda qeyd edilir. Seçicilərin sayına gəlincə, MSK 6,320,500 seçicinin qeydə alındığını bəyan edib, bu 2020-ci ildə keçirilən ən son ümummilli seçkilərlə müqayisədə bir milyondan çox seçici deməkdir.
Hesabatda prezidentliyə namizədlərdən heç birinin qadın olmadığı vurğulanır. Hazırkı dövlət başçısı ilə birlikdə bu seçkilərə qatılan digər altı namizədin hər biri yaxın keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib.
Hesabat müəllifləri qeyd edirlər ki, bu günə qədər təşviqat kampaniyası "zəif" keçib. Parlamentə daxil olmayan əsas müxalifət partiyalarından heç biri seçkidə iştirak etmir, onlardan biri isə seçkiləri boykot edir.
DTİHB missiyasının bəzi həmsöhbətləri siyasi partiyaların qeydiyyatı ilə bağlı yeni sərt tələblərin, eləcə də kampaniyanın müddətinin qısaldılması ilə bağlı əvvəlki dəyişikliklərin, kampaniya üçün dövlət maliyyəsinin olmamasının siyasi iştiraka və bu seçkinin rəqabət qabiliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.
Sənəd müəllifləri qeyd edirlər ki, Konstitusiya ifadə azadlığını, media azadlığını və məlumat əldə etmək hüququnu təmin edir, lakin son üç ayda bir sıra onlayn media orqanlarının jurnalistləri və rəhbərləri ilə bağlı çoxsaylı saxlanma və həbslər baş verib ki, bunların da bir qismi hazırkı hesabat dövrünə təsadüf edib.
Bu kimi hallar, habelə yeni media qanununun məhdudlaşdırıcı mahiyyəti, medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bir neçə mühüm tənqidi media saytlarının ölkə hüdudlarında bloklanması DTİHB SMM-nin bir sıra həmsöhbətlərində narahatlıq doğurur, deyə sənəddə qeyd edilir.
Bildirilir ki, MSK seçki şikayətlərini araşdırmaq üçün Ekspert Qrupu yaradıb, lakin bu günə qədər heç bir şikayət daxil olmayıb.
Apellyasiya Məhkəməsinə potensial namizədlər tərəfindən ümumilikdə beş apellyasiya şikayəti verilib, bütün müraciətlər rədd edilib.
DTİHB SMM-nin bir sıra həmsöhbətləri mübahisələrin həlli sisteminə və məhkəmələrin müstəqilliyinə etibar etmədiklərini bildiriblər. Eyni zamanda, hazırkı prezidentlə digər namizədlərin seçki fondlarının bərabər olmadığı qeyd edilir.
Bəzi vətəndaş cəmiyyəti təşkilatları, o cümlədən əvvəllər seçki müşahidəsi ilə məşğul olanlar bildiriblər ki, təmsil etdikləri təşkilatların qeydiyyata alınmasında inzibati maneələr və xarici maliyyələşdirmə məhdudiyyətləri onların müşahidə fəaliyyətini hazırlamaq və həyata keçirmək imkanlarını və MSK-da akkreditasiyadan keçmək imkanlarını məhdudlaşdırır.
Missiya növbəti hesabatı seçkilərdən sonrakı gün - fevralın 8-də açıqlayacaq.