Jurnalistlərə işləməyə imkan vermirlər? YENILƏNIB
Bakıda bəzi seçki məntəqələrində jurnalistlərin fəaliyyətinə çətinlik yaradıldığı barədə "Turan" informasiya agentliyi yazır
Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08.00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır. Saat 16.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin telefon nömrələrinə cəmi bir müraciət qeydə alınıb.
29 saylı Sabunçu IV seçki dairəsinin 19 saylı seçki məntəqəsində də jurnalistlərin fəaliyyətinə maneçilik yaradılıb.
Yasamal rayonunun üçüncü seçki dairəsində "Turan"ın müxbirinə 8, 13, 12 və 29-cu məntəqələrdə işləməyə mane olublar.
Öz növbəsində Mərkəzi Seçki Komissiyasından "Turan"a bildirilib ki, jurnalistlərə seçki gedişatını izləmək üçün media reyestrində qeydiyyat tələb edilmir: "Mərkəzi Seçki Komissiyası dəfələrlə bəyan edib ki, media seçkilərdə azad və sərbəst fəaliyyət göstərir. Jurnalistlər öz press vəsiqəsini təqdim edərək sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bəzən jurnalistlər vəsiqəni təqdim etmirlər və onların kim olduğunu bilmirlər deyə anlaşılmazlıq yaranır".
Mərkəzi Seçki Komissiyasında vurğulayıblar ki, qeyd olunan hallar araşdırılacaq.
Eyni zamanda Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov jurnalistləri seçkilərdəki çatışmazlıqları işıqlandırmaqdan “çəkinməməyə” çağırıb: "Əksinə, biz bunu təqdir edəcəyik. Eləcə də, beynəlxalq və yerli müşahidəçilər də yerlərdə fəal olmalıdırlar", - o deyib.
Pənahov deyib ki, Mərkəzi Seçki Komissiyasının işi seçicinin konstitusion hüququnu təmin etməkdir. Bu baxımdan heç kim seçicinin iradəsinə təsir göstərə, seçki məntəqələrində fəaliyyət göstərən komissiyanın üzvlərinin işinə maneə törədə bilməz. Çünki onlar da seçki prosesinin şəffaf aparılması üçün çalışırlar.
“Seçki Məcəlləsinin tələblərini pozan istənilən hərəkət qarşısında ciddi addımlar atılacaq”, - Məzahir Pənahov qeyd edib.