XƏBƏRLƏR / Neft və Qaz

Avqustun 1-dən Azərbaycan qazı Suriyaya tədarük ediləcək

Bu barədə Türkiyənin “Akşam” nəşri məlumat yayıb

Avqustun 1-dən Azərbaycan qazı Suriyaya tədarük ediləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan təbii qazı 2025-ci il avqustun 1-dən Türkiyənin cənubundakı Kilis vilayəti vasitəsilə Suriyaya tədarük ediləcək.

    Bu barədə Türkiyənin “Akşam” nəşri məlumat yayıb.

    Qəzet qeyd edir ki, birinci mərhələdə Azərbaycan qazından Suriyanın Hələb və Homs əyalətlərində elektrik enerjisi istehsalı üçün istifadə olunacaq. Materialda qeyd olunur: “Ümumilikdə, söhbət ildə 1,2 milyard kubmetr qazdan gedir”.

    “Akşam” Kilisdən boru kəmərinin artıq Suriya ilə sərhədə çəkildiyini qeyd edərək yazır: “Azərbaycanın qərarı həm Suriyanın münaqişədən sonra yenidən qurulmasına, həm də Türkiyəni regional enerji mərkəzinə çevirmək planlarına töhfə verəcək. Dəməşq də qaz idxalı üçün bütün lazımi addımları atıb”.

    Azərbaycanın Suriyanın enerji infrastrukturunun modernləşdirilməsinə və ölkənin yataqlarının inkişafına töhfə verməyə hazır olduğunu xatırladan qəzet vurğulayır: “Türkiyənin BOTAŞ dövlət şirkəti SOCAR ilə birlikdə boru kəmərinin son sınaqlarını və nəzarəti həyata keçirir”.