“Avro-2024”: Belçika-Azərbaycan - 5:0
Hazırda F qrupunda ikinci pillədə qərarlaşan Belçikanın hesabında 17 xal var. Azərbaycan isə 7 xalla dördüncüdür
23:02
Futbol üzrə Azərbaycan millisi “Avro-2024”ün seçmə mərhələsində sonuncu oyununu keçirib.
Canni De Byazinin başçılıq etdiyi kollektiv səfərdə Belçikanın qonağı olub. "Kinq Baudouin” stadionunda oynanılan görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qırmızı şeytanlar"ın heyətində qollardan dördünü Romelu Lukaku vurub. Otuz yaşlı hücumçu 17-ci, 26-cı, 30-cu və 37-ci dəqiqələrdə fərqlənib. Son nöqtəni isə 90-cı dəqiqədə Leandro Trossard qoyub.
Azərbaycan millisi 24-cü dəqiqədə azlıqda qalıb. Eddi İsrafilov 24-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarını 20-yə çatdıran Belçika yığması qrup lideri olub. 7 xalı olan Azərbaycan millisi isə F qrupunu 4-cü sırada tamamlayıb.
Qeyd edək ki, bu qrupun digər oyununda İsveç millisi evdə Estoniyanı 2 cavabsız qolla üstələyib.
***
Noyabrın 19-da “Avro-2024”ün seçmə mərhələsində keçirilən Belçika-Azərbaycan oyunu start götürüb.
Belçikanın heyətində meydana Kun Kastels, Vaut Fas, Yan Vertongen, Timoti Kastan, Artur Teat, Orel Manqala, Aster Vranks, Leandro Trossard, Yohan Bakayoko, Ceremi Doku və Romelu Lukaku çıxıblar.
Azərbaycan millisinin start onbirliyində isə Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Anton Krivotsyuk, Höccət Haqverdi, Elvin Cəfərquliyev, Toral Bayramov, Eddi İsrafilov, Aleksey İsayev, Emin Mahmudov, Mahir Emreli və Renat Dadaşov yer alıblar.
Hazırda F qrupunda ikinci pillədə qərarlaşan Belçikanın hesabında 17 xal var. Azərbaycan isə 7 xalla dördüncüdür.