Avropa İttifaqının Serbiya ilə münasibətləri gərginləşib

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen dəfn mərasimindən yayılan görüntüləri "şokedici" adlandırıb

  • Oxuma müddəti:

    4 dəqiqə

  • Keçmiş Yuqoslaviyada müharibə zamanı Bosniya serblərinin hərbi qüvvələrinin komandanı olmuş və boşnaklara qarşı hərbi cinayətlər törətmiş Ratko Mladiçin nəşinin Belqrada gətirilməsi və burada dəfn olunması Avropa İttifaqı (Aİ), o cümlədən Bosniya və Herseqovinanın Serbiya ilə münasibətlərini olduqca gərginləşdirib.

    Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen öz sosial media hesabında paylaşım edərək Mladiçin dəfn mərasimindən yayılan görüntülərin şokedici olduğunu vurğulayıb.

    "Ratko Mladiç müharibə cinayətləri törətməkdə təqsirli bilinmiş hərbi cinayətkar idi. O, soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıyırdı. O, Srebrenitsa soyqırımı və digər cinayətlərə görə ömürlük həbs cəzasını çəkərkən vəfat edib. Dəfn mərasimində rəsmi dəstək elementlərinin olması və bəzi yüksək vəzifəli serb rəsmilərinin iştirakı dərin təəssüf doğurur", - deyə Lyayen bəyan esib.

    AK Prezidenti diqqətə çatdırıb ki, bu, Serbiyanın Aİ-yə doğru yolunu müəyyən edən dəyərlərlə ziddiyyət təşkil edir.

    Dünən isə Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç Ratko Mladiçin ölümündən və dəfnindən sonra Serbiyanın atdığı addımlar və səsləndirdiyi mesajlara qarşı sərt diplomatik cavab veriləcəyini açıqlayıb.

    Konakoviç keçirdiyi mətbuat konfransında bildirib ki, Xarici İşlər Nazirliyi Belqraddakı səfirlik əməkdaşlarının geri çağırılmasına qərar verib. Bununla belə, səfirin özünün geri çağırılması Bosniya və Herseqovina Prezidentliyinin səlahiyyətinə aid olduğundan səfir və konsul vəzifələrində qalacaqlar.

    Konakoviç bildirib ki, əgər səlahiyyəti olsaydı, Serbiya ilə diplomatik münasibətləri dərhal kəsərdi.

    Nazirin sözlərinə görə, Xarici İşlər Nazirliyi sözügedən məsələ ilə bağlı Aİ və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə ünvanlanmış diplomatik notalar hazırlayıb.

    Konakoviçin bu addımından sonra Serbiya xarici işlər naziri Marko Curiç ona cavab paylaşımı edib və bildirib ki, Serbiyaya və Prezident Aleksandar Vuçiçə mənəvi dərs verməyə çalışan bu şəxs müharibə zamanı əsir götürülmüş serblərə qarşı "Əl-Mücahid" dəstəsinin üzvləri tərəfindən törədilmiş cinayətlərə görə qanuni qüvvəyə minmiş hökm əsasında məhkum edilmiş Rasim Deliçi, eləcə də serbləri öldürən digər şəxsləri illərlə qəhrəmanlaşdıran siyasi partiyada və siyasi mühitdə yetişib.

    "Prezident Vuçiç lazım olduğu vaxt Srebrenitsaya getdi, qurbanların qarşısında baş əydi və barışıq əli uzatdı. Lakin orada nifrətdən kor olmuş qəzəbli kütlənin hücumuna məruz qalaraq az qala öldürüləcəkdi. Bu hücuma görə bu günə qədər heç kim məsuliyyətə cəlb edilməyib" - deyə nazir söyləyib.

    Xatırladaq ki, Ratko Mladiç avqustun 27-də BMT-nin Haaqadakı istintaq təcridxanasında 84 yaşında ölüb. Onun nəşi sentyabrın 3-də Belqrada gətirilib. Sentyabrın 7-də, yəni ölümündən 11 gün sonra isə Belqradda dəfn olunub. Dəfn mərasimində yüksək vəzifəli və rütbəli şəxslər də iştirak edib.

    Mladiç Bosniya və Herseqovinada müharibə dövründə Serb Respublikası Ordusunun Baş Qərargahının generalı və komandanı olub. Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunal hərbi cinayətlərə görə onu ömürlük həbs cəzasına məhkum edib.

    Bosniya müharibəsi dövründə 1995-ci ildə Srebrenitsa qətliamındakı roluna görə Mladiçə "Bosniya qəssabı" ləqəbi verilib.