Ermənilərin "Telegram" kanallarını oxuyuram: “Azərbaycanlılar ABŞ-ın sərmayəsi ilə Yerasxda tikilən zavodu atəşə tutublar”, “Azərbaycan Ordusu Verin Şorja rayonu ərazisindəki mövqelərimizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”, “Nikol Paşinyan Brüsseldə İlham Əliyevlə görüşdən əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb və ona Artsax prezidentinin məktubunu çatdırıb”.
Sonra ANS Press-də xəbərlər başlıqlarını oxuyuram: “Ermənilərin Xocalı istiqamətində təxribatı”, “Ermənilər AZAL-ın təyyarəsinə radiomaneələr tətbiq edib”, “Bu gün Brüsseldə İlham Əliyev Paşinyanla görüşəcək”.
Gördüyünüz kimi, bütün xəbərlər qütb fərqliliyi müstəvisində tam əksdirlər. Lakin sonuncu xəbər hər iki tərəfdə bu gün Brusseldəki Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü əks etdirməklə tam mütənasibdir.
Desəm ki, bu gün Qarabağın hərb müstəvisində Ermənistan Azərbaycana nisbətdə daha zəif vəziyyətdədir və Rusiya sülhməramlıları, sadəcə, hadisələrə nəzarət edir və zərbə üçün öz vaxtını gözləyir - yanılmaram. Lakin dünya siyasi xəritəsində vəziyyət fərqlidir. Ermənistan diasporu hələ də Azərbaycanınkından həm kəmiyyə,t həm də keyfiyyət nöqteyi-nəzərindən daha silahlanmış və cəld manevrlərə hazırdır. Pulludur, savadlıdır, yüksək vəzifələr tutur və ya onlarla evlidir, bir-birinin ayağından çox dartmırlar və ən əsası, müstəqildir və mərkəzdən idarə olunmur. Bütün bu amillər ermənilərə əsasən Avropa və ABŞ-da Azərbaycana kifayət qədər problem yaratmağa imkan yaradır və onlar bu imkandan tam şəkildə istifadə edirlər. Əsasən də beynəlxalq müstəvidə, məsələn, bu gün Brusseldə yer alan münaqişə tərəflərinin görüşü zamanı.
Belə günlərdə biz də ANS olaraq öz imkanlarımızdan istifadə edərək müxtəlif qurumlara və dostlarımız olan media mənsublarına məlumatlar yollayırıq (ANS TV işləyən zaman bizim bu fəaliyyətimiz daha yüksək səviyyədə idi – müxtəlif dillərdə TV reportajlar, təyinatlı verilişlər, sənədli filmlər və s.). Lakin bu gün TV-lərimiz yalnız yerli bazarda alver edir və işdən yorğun qayıdan rayon zəhmətkeşlərinə Makronun ibnə olduğu barədə növbətçi siyasətçilər vasitəsi ilə dərs verir. İşdir, kimsə dərsi lazımi səviyyədə qavramasa, ölməz TV batalyonunun “Ay Gavur”ları tamaşaçıların siyasi savadını əllərində olan imkanlarla lazımi səviyyəyə qaldırar.
Bu ürəkbulandırıcı mövzudan qayıdaq əsas məsələyə - ermənilərin Avropa və ABŞ cəmiyyətində Azərbaycanı qaniçən və barbar şəkildə nümayiş etdirməsinə.
Artıq dünəndən mənə ABŞ-ın dörd ştatından, Almaniya, İsveçrə, İngiltərə, Danimarka, hətta AzTV dalğalarında pulsuz balıq kimi murdarlanmış Fransadan da həmkarlarım tərəfindən mövcud whatsapp çatımıza məlumatlar gəlir və o taydan bu taya məndən ermənilərə imdad istəyirlər. Deyirəm, başa salıram ki, ay camaat, oxumayın bu mətbuatı – orada yazılanların 99 faizi yalandır və qalan 1% “somnitelnı”. Amma kimə deyirsen… Mən şəxsən bir daha ermənilərin təbliğat maşınının həcəmətlərinin işlək vəziyyətdə olmasının məyus şahidi oldum. Deyirəm bəlkə keçib daha, 1-2 barel neftin puluna ciddi bir qurum yaradaq ki, bu od puşkürən informasiya mənbəyi ilə evimizin mətbəxində yox, beynəlxalq aləmdə iş aparılsın?
Elə bu məqaləni yazırdım ki, birdən mənə Riqadan köhnə dostum, böyük bir media qurumunun rəhbəri Yaqur İqor zəng etdi. Sözün düzü, dəstəyi qaldırmaq istəmədim. Bir daha erməni diasporunun dezinformasiya dəyirmanının dişləri arasında qalmaq istəmirdim… Amma niyəsə dəstəyi qaldırdım.
- Vahid, qardaş, bilirsən bu gün nə olacaq?
- Salam, Yaqur, salamdan sonra biz tərəfin əhval-ruhiyyəsini öyrənmək istəyirsənsə, biz sağ və salamatıq və bizi yaradan ulu Tanrıdan sənin də sağ-salamat olmağını istəyirik.
Fikirləşdim ki, bəlkə söhbət daha prozaik-məişət məcrada davam etsin.
- Salam, qardaş. Bilirəm, yəqin sizin bütün medianız bu barədə yazır bu gün. Yəqin bilirsən söhbət nədən gedir.
Söhbətin istiqamətini dəyişə bilmədiyimdən məyus olaraq, dostumun sualına cavab verməyə məcbur oldum.
- Hə, bilirəm...
- Bəs niyə belə qəmginsən, niyə sevinmirsən?
- Ona görə ki, mənim sevinmək günlərim əsasən həftənin tək günlərinə təsədüf edir – bu gün isə şənbədir, yəni cüt gündür. Bilirəm, qardaşım, və doğrudan da bu barədə bütün mətbuat yazır və danışır – Azərbaycan və Ermənistan rəhbərləri bu gün Brüsseldə görüşür…
- Vahid, qardaş, sən nə danışırsan? Nə Brussel? Mən daha ciddi məsələ barədə danışıram…
Və mənim bu söhbətə son qoymaq arzuma cavab verməyən Yaqur mənə zənginin əsas səbəbini söylədi… Və mənə gözlənilmədən çox sevindirici, ruh qaldırıcı və fəxr hissi doğuran bir məlumat çatdırdı.
- Vahid, qardaş, bu gün Liepāja Simfonik Orkestri "Pūt vejini" konsert məkanında cazibədar fransız soprano Perina Madef, xarizmatik tenor, əla səs sahibi Mixail Çulpayev və dünya şöhrətli opera musiqisinin ifaçılarından ibarət möhtəşəm konsert keçirilir. Bilirsən bütün bu rəngarəng dünya miqyaslı təntənəli tədbirə kim rəhbərlik edir? Azərbaycanlı mifik dirijor, eksentrik dahi, musiqi professoru Yalçın Adıgözəlov. Mən həyat yoldaşımla, çətin də olsa, bu ali məclisə şəxsən Estoniya Prezidentinin vasitəsi ilə bilet tapa bilmişik. Sağ əlim sənin başına, Dostum. Wish you were here!
Sağollaşandan sonra dostum Yaqur mənə Avropa mətbuatından bu möhtəşəm konsertlə əlaqədar bir neçə link yolladı. Mən isə sadəlöhvcəsinə yerli mətbuata müraciət etdim və təəssüf ki, heç nə tapmadım… Heç, sözün düzü, bir neçə sayta baxandan sonra nəyi axtardığımı da unutdum.
Amma dostum Yaqurun linklərini ABŞ və Avropadakı dostlarıma yollamağı unutmadım. Bir çox səmimi sevinc püşkürən cavablar aldım. Ümumi çatımızda mövzu dəyişdi. Hamı maestro Adıgözəlov barədə soruşmağa başladı və mən çox böyülk sevinclə Yalçının və ümumiyyətlə Azərbaycanın zəngin mədəniyyəti barədə onlara məlumat verdim! Hamını bu ilin sentyabrında Bakıda keçiriləcək Üzeyir Hacibəyov adına Festivala dəvət etdım və onlara xatırlatdım ki, festivalın açılışına məhz Yalçın Adıgözəlov rəhbərlik edəcək!