Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan gün
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoydu, ərazi bütövlüyümüz bərpa olundu
Bu əlamətdar gündə Vətən müharibəsinin, rəşadətli Ordumuzun keçdiyi döyüş yolunun, eləcə də Qarabağın bərpası dövrünün mühüm məqamlarına bir daha nəzər salırıq.
2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Düşmənin on illiklər boyu qurub möhkəmləndirdiyi müdafiə xətti müharibənin ilk günündə yarıldı. Füzuli və Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu.
Vətən müharibəsinin ilk günündən başlayaraq daim irəli gedən ordumuz düşmənə sarsıdıcı zərbələr endirir, yaşayış məntəqələrimizi bir-birinin ardınca azad edirdi. Oktyabrın 3-də strateji əhəmiyyətə malik Suqovuşan və Talış kəndləri, bir gün sonra Cəbrayıl şəhəri və rayonun 9 kəndi düşmən tapdağından xilas olundu.
Oktyabrın 9-dan 26-dək Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi.
Şuşanın azad olunması müharibənin taleyini həll etdi
Qələbəmizin zirvəsi noyabrın 8-də Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən müjdəni verdi və bununla da əslində müharibənin taleyi həll olundu. Ertəsi gün Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət, noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi. Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
İkinci Qarabağ müharibəsi hərb tariximizin ən parlaq səhifəsidir
Qırx dörd günlük Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir. İlk dəfə idi ki, pilotsuz uçuş aparatları döyüş meydanında bu miqyasda, indiyədək görünməmiş uğurla tətbiq olunmuşdu. Bununla yanaşı, yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan uzun məsafə qət etmək, keçilməz sayılan yolları keçərək Şuşanı düşməndən təmizləmək misli görünməmiş igidlik, fədakarlıq nümunəsi kimi dəyərləndirilir.
Biz bu möhtəşəm Qələbəyə görə qəhrəman Vətən övladlarına borcluyuq. Otuz il işğal altında qalan torpaqlarımız məhz onların qanı-canı bahasına azad olundu. Xalqımız bu fədakarlığı unutmur, şəhidlərin parlaq xatirəsini qəlbində yaşadır və daim yaşadacaq.
Suverenliyimizin tam bərpası ilə nəticələnən uğurlu antiteror əməliyyatı
Vətən müharibəsindən ötən dövrdə Zəfər yürüşünün gözlənilən davamı gəldi, Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Bu baxımdan son üç bir çox tarixi hadisələrlə zəngin dövrdür.
Qarabağın bəzi ərazilərində Ermənistan tərəfindən qanunsuz yerləşdirilən silahlı birləşmələr, diversiya qrupları vaxtaşırı olaraq təxribatlar və terror aktları törətməkdə davam edir, təhlükə mənbəyi olaraq qalırdı. Bu il sentyabrın 18-də erməni silahlı birləşmələrinin basdırdığı minanın partlaması nəticəsində 6 nəfər, o cümlədə polis əməkdaşları şəhid oldu. Buna cavab olaraq Silahlı Qüvvələrimiz tərəfindən antiterror tədbirlərinə başlanıldı. Sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri uğurla nəticələndi. Azərbaycan ərazisindəki qanunsuz silahlı birləşmələrin ön xətdə və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, döyüş vasitələri və bazaları yüksək dəqiqlikli silahlarla vurularaq sıradan çıxarıldı. Cəmi bir sutka davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, Ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna son qoyuldu, Qarabağ mövzusu birdəfəlik qapandı.
Bu il oktyabrın 15-də növbəti tarixi hadisənin şahidi olduq. İlham Əliyev Prezident seçilməsinin iyirminci ildönümü günündə Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Dövlət Bayrağımızı ucaldaraq daha bir şanlı tarix yazdı, xalqımıza böyük sevinc və qürur yaşatdı.
“Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır... Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”, - Müzəffər Ali Baş Komandanın Xankəndidə qürurla dediyi bu sözlər bütün dünyada əks-səda verdi.
Azərbaycan xalqına qarşı müharibə cinayətləri, terror aktları törətmiş şəxslərin, soyqırımı qatillərinin, separatçı rejimin başçılarının yaxalanaraq qandallanması, ədalət məhkəməsi qarşına çıxarılması hər bir soydaşımızın ürəyindən xəbər verir.
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru
Müharibə başa çatdıqdan sonra qarşıda heç də asan olmayan daha bir hədəf – düşmənin darmadağın etdiyi Qarabağı yenidən qurmaq, keçmiş məcburi köçkünləri doğma yurda mümkün qədər qaytarmaq vəzifəsi dayanırdı. Çox keçmədən Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi inkişafın bir çox ölkələr üçün nümunə ola biləcək yeni mərhələsinə, Böyük Qayıdış proqramına start verildi. Qarabağın və Şərqi Zəngəzurun yüksək inkişaf etmiş regiona çevrilməsi məqsədilə bənzərsiz layihələrin icrasına başlanıldı.
Xalqımız üç ilə yaxındır ki, Azərbaycan Prezidentinin qurub yaratmaq əzminin, müharibədə olduğu kimi, quruculuq işlərində də sonsuz qətiyyət və əzmkarlığının şahididir. Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib.
Düşmənin yerlə-yeksan etdiyi həmin torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işləri sürətlə davam edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad olunan rayonlarımıza çoxsaylı səfərləri zamanı mühüm infrastruktur obyektləri istifadəyə verilir, yenilərinin təməli qoyulur. Cəmi üç il ərzində Füzulidə və Zəngilanda ən müasir beynəlxalq aeroportlar tikilərək istifadəyə verilib, Şuşaya Zəfər yolu çəkilib, bir çox tarixi abidələr bərpa olunub. Azad olunmuş ərazilərdə yeni yollar salınır, körpülər və tunellər tikilir, yaşayış məhəllələrinin, məktəb və xəstəxana binalarının və digər infrastruktur obyektlərinin tikintisi gedir. Zəngilanda inşa olunmuş “Ağıllı kənd”ə ilk sakinlərin köçürülməsi ilə “Böyük Qayıdış” prosesi başlanıb. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq keçmiş məcburi köçkünlərimizin Laçın, Füzuli, Zəngilan sakinlərinin smart konsepsiya əsasında bərpa edilən rayon və kəndlərə qayıdışı hər bir azərbaycanlını ürəkdən sevindirir.
Bu gün Ulu Öndərimiz Heydər Əliyevin ruhu şaddır. Çünki onun illər öncə başlatdığı Qarabağ savaşı məntiqi sonluğuna çatıb, şanlı Zəfərlə yekunlaşıb. Azərbaycan xalqı əmindir ki, bu zəfərlərin davamı gələcək, Prezident İlham Əliyevin liderliyi ilə yeni-yeni uğur zirvələri fəth ediləcək.
Xalqımız Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümünü Qarabağda aparılan möhtəşəm bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Küçələrdə, prospekt və meydanlarda, binaların eyvanlarında üçrəngli bayrağımız dalğalanır. Həmçinin Zəfər Günü rəqəmli bilbordlarda, monitorlarda və banerlərdə “Xarıbülbül” emblemi, Zəfər şüarları nümayiş olunur.
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanda və xarici ölkələrdə bir sıra kütləvi tədbirlər təşkil olunacaq. Məscidlərimizdə şəhidlərimizin ruhuna dualar oxunacaq, dini konfessiyalar ayinlər icra edəcək.
Bakı şəhərinin mərkəzi küçə və meydanlarında, eləcə də Şuşada və Xankəndidə hərbi orkestrlərin müşayiəti ilə Müdafiə Nazirliyinin şəxsi heyətinin yürüşləri keçiriləcək.
Axşam saatlarında paytaxtımızda Zəfər Gününə həsr edilmiş bayram konserti və atəşfəşanlıq olacaq.
Zəfər Günümüz mübarək!