BLOQ

Plastik butulkalarda saxlanılan suların təhlükəsizliyi

Nə üçün diqqətli olmalıyıq?

Plastik butulkalarda saxlanılan suların təhlükəsizliyi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Plastik butulkalarda saxlanılan su ilə bağlı narahatlıqlar artır. Xüsusən də uzun müddət plastik qabda saxlanılan suyun orqanizm üçün təhlükəli olma ehtimalı barədə xəbərdarlıqlar mövcuddur.

    Həkim Anar Əliyev bildirir: “Açıq havada günəş şüası ilə birbaşa təmas olunmuş sulardan istifadə etdikdə uzun müddətdən sonra mədə-bağırsaq sistemində pozğunluqlar, ağır patologiyalar və infeksiyaların yayılması kimi fəsadlar yarana bilər”.

    Qida ekspertləri plastik qabların təhlükəsizliyinin qablaşdırmadan asılı olduğunu vurğulayır. Qida Eksperti Elsevər Fərzəliyev qeyd edir ki, “Əgər su qablaşdırılarkən plastik taranın içində heç bir toksin və mikrobioloji çirklənmə yoxdursa, plastik tara təhlükə törətmir”.

    Laboratoriya həkimi Emiliya Həsənova əlavə edir: “Texniki emal düzgün aparılıbsa, plastik qabdan istifadə edərkən zəhərlənmə dərhal hiss olunmur. Ancaq müəyyən müddət keçdikdən sonra toksinlər bədəndə yığılaraq başağrısı, allergik rinit və ürək qan damarında xəstəliklər kimi simptomlar verə bilər”.

    Açılmış plastik butulkada suyun saxlanma müddəti də önəmlidir. Həkim Anar Əliyev açıq plastik butulkada olan suyun günəş şüasının altında uzun müddət qalmaması lazım olduğunu vurğulayır. “Bir sutkadan sonra açıq vəziyyətdə qalmış su kimyəvi reaksiyalara səbəb ola bilər və orqanizmə təsir göstərə bilər”.

    Qida Eksperti Elsevər Fərzəliyev qeyd edir ki, “Qazlaşdırılmış və qazlaşdırılmamış adi içməli sular uzun müddət saxlanıla bilər. Lakin rəngli sular, şirin sular və digər əlavələrlə hazırlanmış sular uzun müddət saxlanılmaq üçün yararsızdır”.

    Plastik butulkaların təkrar istifadəsi məsələsi də diqqət çəkir. Laboratoriya həkimi Emiliya Həsənova bildirir ki, “Plastik butulkalar bir dəfəlik istifadə üçün nəzərdə tutulub və təkrar doldurulması tövsiyə edilmir. Bu səbəbdən istifadə olunan butulkaların düzgün şəkildə atılması və ya geri qaytarılması məsləhətdir”.

    Uzun müddət plastik qablarda saxlanılan suyun orqanizm üçün fəsadlar törədə biləcəyi ehtimalını nəzərə alaraq, daha təhlükəsiz alternativlərə üstünlük vermək və saxlama şərtlərinə diqqət yetirmək tövsiyə olunur.