Avstraliya İranın bu ölkədəki səfirini ölkədən qovdu
Molla rejimi "Avstraliyadakı yəhudi icmasına qarşı antisemit hücumların arxasında” dayanır

Avstraliya İranın bu ölkədəki səfiri Əhməd Sadeqi persona non-qrata elan edib və Avstraliyanın İslam Respublikasındakı səfirliyi təhlükəsizliklə əlaqədar olaraq fəaliyyətini dayandırır. Bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq mətbuat konfransında bildirib.
Avstraliya kəşfiyyatına görə, İran “Avstraliyadakı yəhudi icmasına qarşı antisemit hücumların arxasında” dayanır. Kəşfiyyat xidməti İranın Melburndakı sinaqoqa və Sidneydəki koşer restoranına hücumlarda iştirak etdiyini bildirib. "Şübhə yoxdur ki, başqa bir dövlətin rəhbərlik etdiyi Avstraliya torpaqlarında həyata keçirilən bu dəhşətli və təhlükəli təcavüz aktları sərhədi keçib. Buna görə də İran səfiri persona non-qrata elan edilib", - Vonq bildirib.
Onun sözlərinə görə, Sadeqi və digər üç İran nümayəndəsi 7 gün ərzində Avstraliyanı tərk etməlidir. Nazir vurğulayıb ki, Kanberra İranla "bəzi diplomatik əlaqələri" saxlamaq niyyətindədir.
Avstraliyanın Baş naziri Entoni Albanese İranın Kanberradakı səfirinin ölkədən çıxarılmasını və Avstraliyanın Tehrandakı səfirliyinin bağlandığını açıqlayarkən deyib: "İran öz iştirakını ört-basdır etməyə çalışdı, lakin ASIO bu hücumların arxasında onun dayandığını qiymətləndirir. Bunlar misli görünməmiş və təhlükəli təcavüz aktları idi. Onlar xarici dövlətin Avstraliyaya qarşı sosial müştərək cəhdi idi”.
Avstraliya həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımağa hazırlaşır. Avstraliya hökuməti başçısının sözlərinə görə, Avstraliyanın Tehrandakı səfirliyi fəaliyyətini dayandırıb və bütün avstraliyalı diplomatlar artıq üçüncü ölkəyə köçürülüb.
Bu, İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, başqa ölkənin səfiri Avstraliyadan qovulur.