Axtarış başa çatdı: Binəqədidə ölən 9 nəfərin adları
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb
Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş vermiş partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.
"Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.
Bundan başqa, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib:
1. Abbasova Solmaz Paşabəy qızı (1983)
2. Atakişiyev Aydın Mirzəmahmud oğlu (1964)
3. Cəfərov Zaur Qulu oğlu (1980)
4. Dadaşova Ülviyyə Hümbət qızı (1969)
5. Məmmədov Elvin Qəfər oğlu (1993)
6. Məmmədov İlqar Habil oğlu (1964)
7. Qubadov Fərid Hüseyn oğlu (1983)
8. Quliyeva Əsmayə Cümşüd qızı (1977)
9. Yusubov Saraj Oruc oğlu (1985, Gürcüstan Respublikası vətəndaşı)
Bildiririk ki, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb.
Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.
Hadisədən təəssüflənərək vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq".