Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya ediliblər
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib
Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun vəsatəti əsasında Özbəkistan Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Soltanov Elgün Sədyar oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Bakı şəhəri Xətai rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Elgün Soltanovun külli miqdarda dələduzluq cinayətni törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Elgün Soltanov Özbəkistan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
***
Baş Prokurorluğun sorğusu əsasında beynəlxalq axtarışda olan təqsirləndirilən şəxslər ölkəmizə ekstradisiya edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Kazımov Emil Faiq oğlu, Məmmədov Cabbar Məmmədrza, Əliyev Habil Hüseyn oğlu, Babayev Fuad İlqar oğlu və Quliyev Kənan Əli oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Belə ki, Emil Kazımovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, Cabbar Məmmədovun təkrar dələduzluq, Habil Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla törədilən oğurluq, Fuad Babayev və Kənan Quliyevin isə bir qrup şəxs halında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
2 dəqiqə