Əməkdar artist Aygün Bəylər dəfn olunub YENİLƏNİB
Mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb
Əməkdar artist Aygün Bəylər (Hümmətova) dəfn olunub.
Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət adamları iştirak ediblər.
***
11:13
Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Əməkdar artist Aygün Bəylərlə vida mərasimi keçirilir.
Əməkdar artisti son mənzilə yola salmağa mədəniyyət və incəsənət xadimləri, Aygün Bəylərin həmkarları, doğmaları və yaxınları gəlib.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Vida mərasimi saat 13:00-dək davam edəcək, sonra isə Aygün Bəylər Suraxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.
Xatırladaq ki, Azərbaycanın əməkdar artisti Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada ağır xəstəlikdən dünyasını dəyişib.
Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 13 yaşında Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olur. Məhz bu dövrdə onun peşəkar səhnədə ilk çıxışı, xarici ölkələrə, ölkənin müxtəlif şəhər və rayonlarına qastrol səfərləri baş tutur.
1995-ci ildə, 20 yaşında ikən əfsanəvi Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradan Aygün Bəylər geniş konsert fəaliyyətinə başlayır, eləcə də milli incəsənəti xaricdə təmsil edir.
1998-ci ildə Aygün Bəylər Azərbaycan Dövlət Konservatoriyasının (hazırki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) xanəndəlik (muğam ifaçısı) fakültəsinə daxil olur, burada onun müəllimləri Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev və başqaları olub.
2005-ci ildə Aygün Bəylər Özbəkistanın Səmərqənd şəhərində keçirilən Beynəlxalq Folklor Festivalının qalibi olur. O, Fransa, İspaniya, Mərakeş, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İsveç, Danimarka və s. ölkələrdə konsert proqramları ilə çıxış edib.