XƏBƏRLƏR / Mədəniyyət

Azərbaycanda ilk uşaq teleserialı çəkilir

Çəkilişlər əsasən Balakən rayonunda həyata keçirilir

Azərbaycanda ilk uşaq teleserialı çəkilir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşəbbüsü və layihəsi əsasında “Mən, Lalə, bir də Şerlok Holms” adlı teleserial çəkilir.

    Çəkilişlər əsasən Balakən rayonunda həyata keçirilir.

    Serialın əsas qəhrəmanı 7-ci sinif şagirdi Muraddır. Zəngin fantaziyaya malik Murad növbəti dəfə yay tətilinə çıxıb və istəməsə belə, valideynləri işdə olduğu üçün bütün yayı nənə və babasının yanında – kənddə keçirəcək. Murad kənddə həmyaşıdı olan Lalə və digər kənd uşaqları ilə dostlaşır. Lalə ona kənd həyatının incəliklərini öyrədir, Murad isə Laləni şəhərdən gətirdiyi qacetlər və oxuduğu kitablardan öyrəndiyi maraqlı faktlarla təəccübləndirməyə çalışır.

    Teleserialın quruluşçu rejissoru Rüfət Şahbazovun üzərinə hamıdan çox məsuliyyət düşür. Deyir ki, serialda çox böyük aktyor truppası, peşəkar komanda var. Çəkiliş qrupu da peşəkarlardan seçilib. Aktyor truppasının müəyyən hissəsi uşaqlardır. Uşaqlarla işləmək isə həqiqətən çətindir. Quruluşçu rejissor sözlərinə əlavə edir ki, “Mən, Lalə, bir də Şerlok Holms” Azərbaycanda ilk uşaq serialı olacaq.

    Onu da öyrənirik ki, teleserialda “Eurovision 2011” təmsilçimiz, müğənni Eldar Qasımov da rol alır. Onun çəkiliş meydanına gəlməsi isə balaca qəhrəmanlar üçün əsl sürpriz olub.

    Yeri gəlmişkən, serialın ideya müəllifi və ssenaristi Tural Sevdimalı və Vüqar Hüseynovdur. Serialın qarşıdakı aylarda təhvil verilməsi nəzərdə tutulur.