XƏBƏRLƏR / Mədəniyyət

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı

YENİLƏNİB

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayı
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 10:58

    Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilir.

    Qurultay Mədəniyyət Nazirliyi və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ICESCO Bakı Regional Ofisi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.

    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov I Türk Dünyası Bəstəkarları Qurultayının yaradıcı potensialları birləşdirməyə, gənc müəllifləri dəstəkləməyə, Türk dünyasının zəngin musiqi irsinin təbliğinə töhfə verən beynəlxalq əməkdaşlıq məkanı olduğunu qeyd edib.

    Nazir müavini qurultayın yeni ideyaların və əsərlərin yaranmasına, eləcə də uzunmüddətli yaradıcılıq əməkdaşlığının başlanmasına mühüm töhfə verəcəyinə inandığını söyləyib.

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova zəngin irsin yeni əsərlər, peşəkar əməkdaşlıq və beynəlxalq mədəni dialoq üçün mənbəyə çevriləcəyi canlı musiqi məkanı yaratmağa çalışdıqlarını diqqətə çatdırıb. “Bakıda keçirilən Birinci Türk Dünyası Bəstəkarları Qurultayı və Türk Dünyası Bəstəkarlar Birliyinin (Turkic Union of Composers (TUC)) yaradılması Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açır. Birinci Türk Dünyası Bəstəkarları Qurultayı və Türk Dünyası Bəstəkarlar Birliyinin məhz Bakıda keçirilməsi və yaradılması dərin rəmzi məna daşıyır. Görkəmli bəstəkarlıq məktəbinə və zəngin musiqi ənənələrinə malik Azərbaycan Türk dünyasının yaradıcılıq potensialını bir araya gətirməyə və onu dünya auditoriyasına təqdim etməyə yönəlmiş yeni beynəlxalq platformanın təşəbbüskarı kimi çıxış edir. Birinci Qurultay uzunmüddətli beynəlxalq proqramın başlanğıcı olacaq. Gələcəkdə görüşlərin türk dövlətlərində növbəlilik prinsipi əsasında keçirilməsi nəzərdə tutulur. 2032-ci ilədək fəal yol xəritəsi beynəlxalq festivalların keçirilməsini, “Turkic Music Awards” mükafatının təsis edilməsini, Türk dünyasının müasir musiqisinin antologiyasının nəşrini, “TurkicHeritage” platformasında rəqəmsal not kitabxanasının yaradılmasını, bəstəkarlıq rezidensiyalarının inkişaf etdirilməsini və Türk Dünyası Gənc Simfonik Orkestrinin formalaşdırılmasını nəzərdə tutur”,- deyə Aktotı Raimkulova əlavə edib.

    ICESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhakim Al Sənan ICESCO ilə Azərbaycan arasında çox güclü əməkdaşlığın mövcud olduğunu deyib. Bildirib ki, Bakı Ofisi bu əməkdaşlığın inkişafında xüsusi rol oynayır.

    Direktor qurultayın Üzeyir Hacıbəyli irsinin yad edildiyi ərəfədə keçirilməsinin təsadüfü olmadığını vurğulayıb: “Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb. O, bizə nümayiş etdirib ki, mədəniyyət milli kimliyi qorumaq üçün ən fundamental anlayışdır. Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur. Musiqi ümumbəşəridir”.

    Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Türk dünyası ölkələri arasında dərin musiqi bağlarının mövcud olduğunu vurğulayıb. O bildirib ki, uzun illərdir UNESCO çərçivəsində keçirilən görüşlərdə bu məsələ müzakirə olunub və Türk dünyasının musiqişünaslarının bir araya gətirilməsi təşəbbüsü irəli sürülüb.

    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov Türk dünyasının bəstəkarları müxtəlif mövzularda fikirlərini bölüşüb, ortaq musiqi irsinin qorunması və inkişaf etdirilməsi, yaradıcılıq əlaqələrinin genişləndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivlərindən danışıb.