Ayxan Hacızadə Avropa İttifaqına cavab verdi
XİN sözçüsü Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəliyini qərəzdə suçlayıb
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stanoya Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı paylaşımına görə cavab verib.
Ayxan Hacızadə “X” platformasında bildirib ki, parlament seçkiləri tam olaraq Konstitusiyaya uyğun keçirilib.
“Seçkilər tam olaraq ölkənin Konstitusiyasına və milli qanunvericiliyə uyğun keçirilib”, - XİN sözçüsü qeyd edib.
Ayxan Hacızadə vurğulayıb ki, “belə qərəzli siyasi baxış ATƏT/DTİHB-nin seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır”.
Xatırladaq ki, Avropa Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin mətbuat xidməti Azərbaycanda parlament seçkilərinin yekunları ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib:
"Azərbaycan: erkən parlament seçkiləri rəqabətsiz, məhdudlaşdırıcı siyasi və hüquqi mühitdə baş tutub. @osce_odihr müxalif səslərə qarşı repressiyaların davam etdiyini də qeyd edib. AI Az'rbaycanı ATƏT/DTİHB tövsiyələrini yerinə yetirməyə çağırır".