Azad edilmiş ərazilərdə ilk həmkarlar ittifaqı FOTO
AHİK sədri Sahib Məmmədov yeni təsis olunmuş komitəyə uğurlar arzulayıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyevlə görüşüb.
AHİK sədri Sahib Məmmədov yeni təsis olunmuş komitəyə uğurlar arzulayıb və bildirib ki, komitə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan ilk həmkarlar ittifaqıdır.
Bunu həmkarlar ittifaqları tarixində əlamətdar hadisə adlandıran Sahib Məmmədov komitənin səmərəli fəaliyyəti üçün onlara həm üzv olduqları Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, həm də AHİK tərəfindən hər cür dəstəyin göstəriləcəyini vurğulayıb.
Konfederasiya sədri qeyd edib ki, Şərqi Zəngəzuru və Qarabağı xalqımıza qaytaran cənab Prezident İlham Əliyev bu gün həmin ərazilərdə aparılan tikinti-quruculuq işlərinin də baş memarıdır. Onun sözlərinə görə, işğaldan azad olunmuş şəhər və kəndlərimiz yaxın gələcəkdə əvvəlkindən də yaxşı görkəm alacaq və ölkəmizin hərtərəfli, o cümlədən iqtisadi inkişafına böyük töhfələr verəcək. İttifaq üzvləri üçün layiqli iş şəratinin yaradılması, əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili, həmçinin bərabər imkanların yaradılması, əlçatanlığın təmin olunması ilə bağlı Həmid Mehdiyevə tövsiyələrini verən AHİK sədri yaxın vaxtlarda Şərqi Zəngəzur və Qarabağda həmkarlar ittifaqı təşkilatlarının sayının artacağına əminliyini də ifadə edib.
Xidmətin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyev bildirib ki, təmsil etdiyi təşkilat Xankəndi şəhərində işçilərinin təşəbbüsü ilə təsis olunub, hazırda ittifaqın 150 üzvü var, gələcəkdə üzvlərin sayının artması gözlənilir. O həmçinin üzvlərin əksəriyyətinin keçmiş məcburi köçkün və şəhid ailələri olduğunu və səlahiyyətləri çərçivəsində onlara hər cür dəstəyi göstərəcəklərini və qanuni mənafelərini layiqincə qoruyacaqlarını qeyd edib.
Sonda AHİK sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul olunması barədə Rəyasət heyətinin qərarını Həmid Mehdiyevə təqdim edib.