AZAL-ın Bakıdan Naxçıvana iki reysi gecikir
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib
Ötən gündən etibarən ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti AZAL-ın Bakı-Naxçıvan istiqamətində uçuşların fəaliyyətinə də təsir göstərib.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, AZAL sərnişindaşımanın operativ təşkili üzərində fəal işləyir. Təhlükəsizliyin və sərnişinlərə ən yaxşı xidmətin təmin edilməsi istəyini nəzərə alaraq, sərnişinlərin daşınması növbəli şəkildə həyata keçiriləcək.
Hazırda iki reysin uçuşu gecikir. Belə ki, 51 sərnişin hotelə yerləşdirilib, qalanları isə evlərinə getməyə üstünlük verib.
Gecə və səhər saatlarında Naxçıvana artıq bir neçə reys həyata keçirilib, digər reyslər cədvələ uyğun olaraq həyata keçiriləcək.
“Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Bu baxımdan aviaşirkət hər bir sərnişinin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə çalışır.
AZAL Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları gecikmiş sərnişinləri bu vəziyyətlə əlaqədar anlayış göstərməyə və səbirli olmağa çağırır”, - məlumatda vurğulanıb.