Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi əlavə edilib.
Bu barədə AZAL xəbər verir.
Məlumata görə, təyyarə iyunun 25-də Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb və artıq Heydər Əliyev Hava Limanına çatıb.
Sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında "Airbus "A319ceo", "A320ceo", "A320neo" və "A321neo" tipli təyyarələr istismar olunur.
"Yeni nəsil "Airbus A321neo"nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq", - məlumatda deyilir.
Əvvəlki nəsil təyyarələrlə müqayisədə "Airbus A321neo" hər oturacaq üzrə təxminən 20 % daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.
Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil "Airbus A321neo" 191 sərnişin tutumuna sahibdir.
Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.
Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.
2 dəqiqə