Azərbaycan 3 GVt-dan çox “yaşıl enerji” istehsal edəcək
Bunu energetika naziri Pərviz Şahbazov Çində keçirilən Beynəlxalq Forumda onlayn formatda çıxış edərkən deyib
Azərbaycan 2027-ci ilədək 3 GVt-dan çox “yaşıl enerji” güclərini istifadəyə verməyi planlaşdırır ki, bunun da nəticəsində elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 37%-dən çox olacaq.
Bunu energetika naziri Pərviz Şahbazov Çində “Ümumi yaşıl gələcək naminə enerji keçidində birgə yardım” devizi altında keçirilən Enerji Keçidi üzrə Beynəlxalq Forumda onlayn formatda çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər ümumi gücü 5 QVt olan layihələri həyata keçirməyi planlaşdırır.
Açılış mərasimində çıxış edən nazir vurğulayıb ki, iqtisadi və texnoloji reallıqlar enerji keçidinin həyata keçirilməsində siyasi qərarlar qədər mühüm amillərdir.
P.Şahbazov vurğulamışdır ki, regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyində strateji rol oynayan Azərbaycan tullantıların azaldılması, neft-qaz sektorunun inkişafı ilə yanaşı, “yaşıl enerji” kursunu da sürətlə həyata keçirir.
“Hazırda biz beynəlxalq enerji şirkətləri, o cümlədən “China Gezhouba Group Overseas Investment” şirkəti ilə gücü 28 GVt-dan çox olan “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik”, - deyə nazir bildirib.