Azərbaycanın ağır atletləri sabah İrəvana yollanırlar
Bunu ANS Press-ə Azərbaycan Ağır Atletika Federasiyasının sözçüsü Kənan Məstəliyev deyib
Sərhəddəki son gərginliyə baxmayaraq, aprelin 13-də Azərbaycanın ağır atletləri Ermənistanın paytaxtı İrəvana gedirlər.
ANS Press-ə müsahibəsində Azərbaycan Ağır Atletika Federasiyasının sözçüsü Kənan Məstəliyev bildirib ki, ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib.
"Mən özüm də Azərbaycan nümayəndə heyəti ilə, ömrümdə heç vaxt olmadığım İrəvana yollanıram," - Məstəliyev deyib.
Yığma qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək.
Qeyd edək ki, Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.