XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə iştirak edir

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu işə başlayıb.

    “UNAOC: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderləri, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak edirlər.

    Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iştirak edir.

    İki gün davam edəcək forum çərçivəsində təşkil olunacaq sessiyalarda “Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi”, “Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi”, “Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə”, “İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi” və digər mövzular müzakirə ediləcək.

    Eyni zamanda, forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü və UNAOC Gənclər Forumu təşkil olunacaq.