Azərbaycan Brüsseldə görüşməyə razıdır, Kişinyovda hələ yox
Bunu Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü haqda XİN sözçüsü Ayxan Hacızadə deyib
Xarici işlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İlham Əliyevlə Nikol Paşinyanın gözlənilən görüşləri haqda məsələyə aydınlıq gətirib: "Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib.
Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil."