XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Donald Trampı təbrik etdi

D.Tramp Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilib

İlham Əliyev Donald Trampı təbrik etdi
İlham Əliyev
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Donald Trampı təbrik edib.

    Dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.

    Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.

    Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.

    Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”.

    Azərbaycanın bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirən Prezident İlham Əliyev vurğulayıb: “Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.