Azərbaycanın görkəmli ictimai xadimi, tanınmış bəstəkar və publisist Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci ilin sentyabrın 18-də Ağcabədidə doğulmuş, sonra anası onu Şuşaya − öz doğma evinə aparmışdır.
Ü.Hacıbəyli ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində almışdır. Sonra o, Qori Müəllimlər Seminariasında təhsil almışdır.
Üzeyir bəy hələ gənc yaşlarından musiqiyə böyük maraq göstərmişdir. Onun böyüdüyü Şuşa mühitinin zəngin musiqi ənənələri var idi.
Ü.Hacıbəylinin qardaşı C.Hacıbəyli “İlk Azərbaycan operası necə yarandı?” məqaləsində bu barədə maraqlı məlumatlar vermişdir: “Mən qardaşım Üzeyirlə (o, məndən üç yaş böyükdür) gənc yaşlarımızdan musiqiyə maraq göstərdik. Qarabağın öz təbiəti, xüsusən, rəsm kimi çəkilmiş paytaxtı Şuşa lirika və poeziya sahəsində romantizm və yaradıcı ilhamla bol idi. Ən istedadlı müğənni və sazəndələr əslən Qarabağdan olanlar idi... Bizim ana qohumları arasında dayıoğlular, dayımız və digərləri daxil olmaqla 4 nəfər xanəndə, 3 tarçı isə hörmətli şəxslərin xahişi ilə məclislərdə çıxış edirdilər.
Qardaşım Üzeyirlə mənim çox gözəl səsimiz vardı və tezliklə təcrübə əsasında klassik musiqinin bütün incəliklərini öyrəndik...”.
Ü.Hacıbəyli Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Cəbrayıl qəzasının Tuğ kəndində müəllimlik etdi. O, ilk yazılarını da buradan − Cəbrayıl qəzasından “Kaspi” qəzetinə göndərmişdir. Onun ilk göndərdiyi yazı 1904-cü ilin sentyabrın 24-də “Kaspi” qəzetinin 215-ci sayında bu başlıqda çap edilib:”Cəbrayıl qəzasından (Müxbirimizdən)”
Ü.Hacıbəylinin Cəbrayıl qəzasından “Kaspi”yə göndərdiyi sonuncu yazı 1905-ci ilin 13 yanvarında çap edilib.
Tuğ kəndində müəllimlikdən sonra Ü.Hacıbəyli 1905-ci ildə Bakıya qayıtdı. O, burada bir müddət “Bibiheybət”də çalışdıqdan sonra “Həyat” və “İrşad” qəzetləri ilə əməkdaşlıq etdi.
Ü.Hacıbəylinin 1904-1920-ci illərdə (Sovet rejiminə qədər) çap edilən yazıları haqqında məlumat belədir: 1) “Kaspi” qəzetində 10 məqalə (2 sentybar 1904 − 13 yanvar 1905; 2) “Həyat” qəzetində 5 məqalə və felyeton; 3) “İrşad” qəzetində 241 məqalə və felyeton (1905-ci ilin 28 dekabrından − 1908-ci ilin 24 iyununa qədər); 4) “Tərəqqi” qəzetində 102 məqalə (1908-ci ilin 24 iyunundan − 1909-cu ilin 28 sentyabrına qədər); 5) “Həqiqət” qəzetində 43 məqalə (1909-cu ilin 25 dekabrından − 1910-cu ilin 9 mayına qədər); 6) “Molla Nəsrəddin” jurnalında 1 məqalə (1911-ci il); 7) “Məktəb” jurnalında 1 məqalə (1911-ci il); 8) “İqbal” qəzetində 12 məqalə (1912-1913-cü illər); 9) “Yeni İqbal” qəzetində 70 məqalə (1915-1917-ci illər); 10) “İttihad” qəzetində 2 məqalə; 11) “Azərbaycan” (rusca) qəzetində 1 məqalə; 12) “Azərbaycan”(Azərbaycan dilində) qəzetində 68 məqalə (1918-1920-ci illər).
Ü.Hacıbəyli 1909-cu ilin iyunun 28-dən oktyabrın 25-dək “Tərəqqi” qəzetində (Ə.Ağaoğlu Türkiyəyə getdikdən sonra), 1909-cu ilin 25 dekabrından 1910-cu ilin mayın 28-nə qədər “Həqiqət” qəzetində, 1919-cu ilin 16 yanvarından 1920-ci ilin 28 aprelinə qədər (fasilələrlə) “Azərbaycan” qəzetində redaktor (müdir) olaraq çalışmışdır.
O, yazılarını bu imzalarla çap etdirirdi: “Hacıbəyli Üzeyir”, “Üzeyir”, Ü.Hacıbəyli”, “Çı”, “Behmənkəs”, “Lal uşaq”, “Bisavad”, “Musiqiçi”.
Üzeyir bəy “Ordan-burdan”, “O yan, bu yan” başlıqları altında olan felyetonlarına “Filankəs” imzası qoyurdu.
Ü.Hacıbəylinin 1920-ci ilə qədər iki kitabı nəşr edilmişdir: 1) “Hesab məsələləri”, 2) Türk-Rusi və Rusi-Türk lüğəti” (1907-ci il). Bu kitabın naşiri M.Ə.Rəsulzadə olmuşdur (10, s. 30).
Ü.Hacıbəyli 1920-ci ilə qədər olan fəaliyyətində “Leyli və Məcnun”dan başqa aşağıdakı operalarını yazmışdır: “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşid banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915).
Ü.Hacıbəyli məşhur operettalarını da bu illərdə yazmışdır: “Arşın mal alan”, “O olmasın, bu olsun” və s .
Ü.Hacıbəyli “Çırpınırdı Qara dəniz” musiqisini (sözləri Əhməd Cavadındır) bəstələmiş və onun Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı Dövlət Himni bu gün də rəsmi tədbirlərdə səslənməkdədir.
Ü.Hacıbəyli 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra “Azərbaycan” qəzetində müstəqil dövlətimizin geniş təbliğatını apardı. “Azadlıq”, “Cümhuriyyət”, “Parlament” sözləri onun yazılarının əsasını təşkil edirdi.
Ü.Hacıbəyli ilk dəfə olaraq 1918-ci ilin dekabrın 5-də “Azərbaycan” qəzetinin 56-cı sayında “Azərbaycan Parlamanı” məqaləsində Azərbaycan Cümhuriyyəti haqqında fikirlərini ifadə edirdi. O, yazırdı: “Bəli, bu günlərdə milli Parlamanımızın açılasıdır, deməli, Azərbaycan istiqlalı təmin edilmiş olmasa da, təkmil ediləcək və cümhuriyyətimiz siyasi bir vahid olmaq üzrə mükəmməl bir surətə girəcəkdir” (Ü.Hacıbəyli “Azərbaycan” qəzetindəki “Tarixi günümüz” məqaləsində dekabrın 7-də açılacaq parlamentin əhəmiyyətini yüksək dəyərləndirirdi).
1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin açılış mərasimi oldu. Ü.Hacıbəyli “Təəssürat” məqaləsində həmin hadisəni belə təsvir edirdi: “Parlamanımız açıldı, gördük, Fətəli xan doğru dedi ki, yatsa idik də, yuxumuza girməzdi...”.
Sonra Ü.Hacıbəyli təsirli bənzətmələrlə fikrini gücləndirərək yazırdı: “Parlaman imarətinin içində zinət cümləsindən diqqəti cəlb edən şey qiymətli xalılar deyil idi, bəlkə qiyməti ucuz, lakin mahiyyəti-milliyyə və siyasəti dedikcə baha olan üçrəngli milli bayrağımız idi”
Ü.Hacıbəyli parlamentin açılış mərasimindən çox maraqlı məqamları oxuculara çatdırırdı: “Məhəmməd Əmin (Rəsulzadə − müəllif) nitqində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endiriləməz!” − dedikdə bütün Məclis ayağa qalxıb, əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
Ü.Hacıbəyli məqaləsini təsirli cümlələrlə davam etdirirdi: “Padşahlıq məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı. Məhəmməd Əmində natiqlikdə “patent” qazanmış olan “orator”lara məxsus qol atma, baş oynatma, üz-gözünü sifətdən-sifətə dəyişmə kimi hərəkətlər yox idi. Bunların əvəzində özgə bir hal var idi ki, o da keçdikcə qızışıb sözlərinin dəruni qəlbdən söyləndiyini eşidənlərə hiss etdirməklə dərin təsir oyatmaq idi”.
Ü.Hacıbəylinin “İstiqlal və istiqlal ümidi” məqaləsi Versalda keçiriləcək Sülh Konfransına həsr edilib.
Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinə bağlı olmaq, dəyərləndirmək, onu müdafiə etmək prinsiplərini yazılarında əks etdirirdi: “Amma bu gün biz bu cürə dövləti qorumağa və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur, çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir”. Ü.Hacıbəyli Azərbaycan Cümhuriyyətinin böyük qurucularından olan F.X.Xoyskinin istefa vermək təklifi ilə bağlı yazdığı “Yeni böhran” məqaləsində Nazirlər Şurası Sədrinin fəaliyyətini yüksək dəyərləndirirdi.
Ü.Hacıbəyli Azərbaycan istiqlalının bir illiyinə həsr etdiyi məqaləsini “Bir yaş” adlandırırdı. Onun bu yazısında Azərbaycan istiqlalına böyük bağlılıq vardır. Üzeyir bəy yazırdı: “Bu gün istiqlalını elan etmiş olduğumuz və bu istiqlalı qazanmaq yolunda çaylarca qanlar axıdıb, minlərcə xanımanlarımızı xərabə qoyduğumuz bir dövlətin, yəni Azərbaycan Türk Dövlətinin bir yaşı tamam olub da iki yaşa qədəm qoyduğu gündür.
Novzad dövlətimizin təvəllüdü, ana vətənin bətnindən doğulması çətinliklə əmələ gəldi. Ana vətən balasını doğarkən özünü qurban edəcək dərəcəsinə gəlmişdi. Azərbaycan torpağı bir xarabazara, bir viranəyə dönəcək idi. Onun, o madəri-mehribanın nazik sinəsi, zərif bədəni üzərində gəzən qaba ayaqlar həm anasını, həm bətnindəki balasını çəkmələrinin təpikləri altında tapdalamaq, əzmək və xurd-xəşil etməklə anasını da, balasını da öldürmək istəyirdilər. Lakin bu zəif sinə içinə gizlənmiş olan eşq və məhəbbət o dərəcə böyük bir qüvvəti haiz idi ki, zəif cisim, qüvvətli ruh sayəsində düşmən zülmü qarşısında tab və taqətdən düşməyib yaşamaq və yaşatmaq iqtidarını qeyb etmədi”.
Ü.Hacıbəyli Azərbaycan istiqlalının mövcud durumunu belə təqdim edirdi: “Biryaşlı dövlətimiz gələcəkdə və yaxın gələcəkdə türklüyün ümidgahı, islamlığın pənahı və aləmi-mədəniyyətin möhtərəm bir üzvü olacağını hələ bir yaşında olduğu halda hər kəsə bildirməkdədir”.
Ü.Hacıbəyli “Azərbaycan” qəzetində o dövrdə Qarabağda baş verən hadisələrlə də bağlı yazılar çap etdirir, bu bölgədə erməni silahlılarının dinc insanlara qarşı törətdikləri vəhşiliklərdən yazırdı.
Ü.Hacıbəylinin “Azərbaycan” qəzetində çap edilən “İçimizdəki Denikinlər” məqaləsi də çox əhəmiyyətlidir. 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin sərhədlərində dayanan, çar Rusiyasının generalı olmuş Denikin “Bölünməz Rusiya” xülyalarından uzaqlaşa bilmir, yaranmış müstəqil dövlətləri təhdidlər altında saxlamağa çalışırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə ölkə daxilində mane olanları Ü.Hacıbəyli “İçimizdəki Denikinlər” adlandırırdı.
Ü.Hacıbəylinin “Azərbaycan” qəzetindəki son yazısı “Zurna” adlanırdı. Yazı 1920-ci ilin aprelin 25-də qəzetin 82-ci sayında “Çı” imzası ilə çap olundu.
Ü.Hacıbəyli böyük uzaqgörənliklə iki gündən sonra Azərbaycanı işğal edəcək bolşeviklər haqqında yazırdı: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyr! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç”(itoğlu-müəllif) deyib atamıza söyərdilər, mujik və raboçi (fəhlə-müəllif) hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər”.
1920-ci ilin aprelin 27-də Rusiyanın XI işğalçı ordusu Azərbaycan sərhədlərini keçib ölkə ərazisini işğal etdi.
Sovet işğalının ilk illərində Ü.Hacıbəylinin həyatı sakit keçmədi. Bəzi məlumatlarda onun da bolşeviklər tərəfindən güllələnmə ehtimalı qeyd olunmaqdadır. Üzeyir bəyin xilasına kömək edən əsas şəxsin onun həyat yoldaşı Məleykə xanımın qardaşı İ.Terequlov olduğu söylənilməkdədir (İ.Terequlov o dövrdə Fövqəladə Komissiyada çalışırdı).
1920-ci ildə Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra o, mənən qəbul etmədiyi, məcbur olub 28 il yaşadığı sovet dövründə ümumilikdə 90-a qədər (Azərbaycan və rus dillərində) məqalə çap etdirdi. Azərbaycanın işğalına qədər isə onun (1904-cü ildən 1920-ci ilə qədər) 16 il ərzində 600-ə yaxın məqaləsi çap olunmuşdur.
Ü.Hacıbəylinin sovet dövründə 1 kitabı rus dilində çap edildi: “Azərbaycan xalq musiqisinin əsasları”.
Ü.Hacıbəyli sovet dövründə bütün fəaliyyətini Azərbaycan musiqisinin inkişafına həsr etdi. 1920-ci ilə qədər çoxlu sayda musiqi əsərləri bəstələyən Ü.Hacıbəyli yalnız 1937-ci ildə bir opera əsəri − “Koroğlu”nu yazdı.
Ü.Hacıbəyliyə qarşı sovet rejiminin mənfi münasibəti 1920-ci illərin sonlarında daha sərt oldu. Ona bu münasibətin yaranmasında qardaşı C.Hacıbəylinin Avropada sovet dövləti əleyhinə çalışmalarının da böyük təsiri vardı.
Ü.Hacıbəyli isə ciddi-cəhd göstərməsinə baxmayaraq qardaşının Azərbaycana qayıtmasına nail ola bilmədi.
Bu mənada onun C.Hacıbəyliyə yazdığı məktublarda təsirli məqamlar çoxdur. Ü.Hacıbəyli bu məktublarında ailə, məişət və dolanışıq problemləri ilə yanaşı, qardaşından nigaranlığını, onun ailəsindən, uşaqlarından ötrü darıxdığını ağrılı bir formada açıqlayırdı.
Ü.Hacıbəyli peşəcə müəllimə olan Məleykə xanım Terequlova ilə ailə həyatı qurmuşdu. Lakin onların 40 illik birgə həyatında övladları olmadı.
Ü.Hacıbəyli 1948-ci ilin noyabrın 23-də dünyasını dəyişdi.
Azərbaycan Milli Qurtuluş hərəkatının ideoloqu M.Ə.Rəsulzadə Ü.Hacıbəyli haqqında yazırdı: “Başda bir həvəskar olaraq işə başlayan Hacıbəyli sonra özü-özünü yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropa mənası ilə otoritəsini (nüfuzunu −müəllif) hər kəsə tanıtmış bir bəstəkar olmuşdur. Yazıq ki, bolşevik rejimi Azərbaycanın bu müstəsna zəkasını da öz diktatorluğu altına almış və onu bayağı mənfəətləri üçün sümürdükcə sümürmüş və verdiyi bir neçə rəsmi, siyasi vəzifə və ünvanlarla onu “mənimsəmişdir”.
Fəqət beyhudə, dəmir pərdənin arxasında özünə süni marşlar yazdırılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da, Hacıbəyli Üzeyiri Azərbaycandan, Azərbaycan kültüründən və Azəri türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri (qaynaqları − rmüəllif) arasında qalacaq ayrılmaz bir dəyərdir”.