Azərbaycan Ermənistana internet də verəcək
“AzerTelecom” və “Telecom Armenia” ikitərəfli sazişlər imzalayıblar
“AzerTelecom” və “Telecom Armenia” arasında kommersiya əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana beynəlxalq internet bağlantısının təmin edilməsinə dair ikitərəfli sazişlər imzalanıb. Bu barədə “Telecom Armenia" ASC məlumat verib.

Sazişlər çərçivəsində regionun aparıcı magistral internet operatoru “AzerTelecom” beynəlxalq internet trafikinin ötürülməsi üzrə xidmətlərin göstərilməsi coğrafiyasını genişləndirəcək, həmçinin öz infrastrukturundan istifadə etməklə Ermənistan istiqamətində internet trafikinin tranzitini təmin edəcək.
Bu cür sazişlər regionda rabitə marşrutlarının şaxələndirilməsinə, telekommunikasiya şəbəkələrinin etibarlılığının daha da artırılmasına və telekommunikasiya sahəsində əməkdaşlığın inkişafına töhfə verir.
AzerTelecom topdansatış internet trafiki xidmətləri, rabitə xidmətləri, innovativ rəqəmsal həllər və digər qabaqcıl telekommunikasiya xidmətləri göstərən Azərbaycanda aparıcı telekommunikasiya şirkətidir. Şirkət Avropa və Asiya arasında yeni rəqəmsal dəhlizin yaradılmasına yönəlmiş transkontinental Digital Silk Way layihəsini həyata keçirir. AzerTelecom müxtəlif ölkələrdə və sənaye sahələrində fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxil olan Azerconnect Qrupunun bir hissəsidir.
1 dəqiqə