BLOQ

Gənclər Ermənistandan daha çox Rusiyadan təhdid gözləyir

Bu barədə Agora Analitik Kollektiv Azərbaycan gəncləri arasında sorğu hesabatı hazırlayıb

Gənclər Ermənistandan daha çox Rusiyadan təhdid gözləyir
  • Oxuma müddəti:

    12 dəqiqə

  • Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğunun əsas məqsədi Azərbaycanda gənc əhali arasında müxtəlif ölkələrə və iqtisadi-siyasi birliklərə qarşı münasibətlərin öyrənilməsidir. Sorğu çərçivəsində respondentlərin, həmçinin, Qarabağ münaqişəsi ilə bağlı düşüncələri öyrənilib.
    Sorğu 20 noyabr – 27 dekabr 2022-ci il tarixlərində hibrid metodlarla həyata keçirilib. Respodentlərin bir hissəsi sualları üzbəüz müsahibələrlə cavablandırıb. Eyni zamanda, könüllülər sorğuda istifadə edilən sorğunun suallarından ibarət linki öz icmaları vasitəsilə yayıb (əsasən, sosial şəbəkələrdə müxtəlif mövzulu yerli qruplarda). Diqqət yetirilib ki, respondentlər gənc əhalinin sadəcə müəyyən seqmentləri ilə məhdudlaşmasın.
    İctimai rəy sorğusunda iştirak edən respodentlərin 56 faizi Abşeron yarımadasında, 44 faizi isə ölkənin digər bölgələrində yaşayan şəxslərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub.

    Respodentlərin “Azərbaycanın aşağıdakılardan hansı ilə siyasi ittifaqa daxil olmasını istərdiniz?” sualına verdikləri cavablardan aydın olur ki, ölkədə gənclər arasında Avropa İttifaqı ilə yaxınlaşmasını dəstəkləyənlərin sayı, Avrasiya İttifaqına nəzərən kəskin yüksəkdir.
    Cədvəl 1: Azərbaycanın aşağıdakılardan hansı ittifaqa daxil olmasını istərdiniz?

    Bu cədvəldən göründüyü kimi, respodentlərin 61 faizi Avropa İttifaqına daxil olmağı dəstəklədiyi halda, cəmi 3 faizi Avrasiya İttifaqına qoşulmağı dəstəkləyib. Sorğu iştirakçılarının 20%-i, yəni, hər beş gəncdən birinin məsələ ilə bağlı fikri olmadığını qeyd edib. Bu nəticəni də ölkədə gənclər arasında əsas xarici aktorlarla bağlı etimadın və ya məlumatlılğın aşağı olmasının göstəricisi hesab etmək olar.

    Respondentlərdən 14 ölkə haqqında münasibətlərini bildirmələri istənmişdir. Müvafiq cavab variantları “çox bəyənirəm”, “bəyənirəm”, “neytral”, “bəyənmirəm” və “heç bəyənmirəm” şəklində müəyyən edilib. Cavablarının analizi göstərir ki, Azərbaycanda gənclər arasında ən çox müsbət münasibət bəslənən ilk üç ölkə Türkiyə (82%), Böyük Britaniya (71%) və Almaniyadır (71%). Qeyd edək ki, müsbət münasibət dedikdə “çox bəyənirəm” və “bəyənirəm” cavab seçimlərinin cəmi nəzərdə tutulur.
    Türkiyə Azərbaycanın ənənəvi olaraq ən yaxın müttəfiqidir və bu iki ölkəni ortaq etnik kök, dil, mədəniyyət və din bağlayır. Böyük Britaniya da, həmçinin, Azərbaycanın enerji sektorunda ciddi investisiyalara malikdir və bu səbəbdən beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini dəstəkləyir. Almaniyanın Azərbaycanda ən çox müsbət yanaşılan ölkələrdən biri olması isə, daha çox Almaniyanın sosial-iqtisadi inkişaf səviyyəsi və əhali arasında bu ölkəyə miqrasiya istəyi ilə əlaqəli hesab edilə bilər. Təsadüfi deyil ki, “Hansı ölkəyə köçmək istərdiniz?” sualına ən çox verilən cavab variantlarından biri məhz Almaniyadır.

    Cədvəl 2: Aşağıdakı ölkələrlə bağlı münasibətiniz necədir?

    Sorğu iştirakçılarının ən çox müsbət münasibət bildirdikləri 4-cü ölkənin Ukrayna olması, Azərbaycanda gənclər arasında Rusiyanın Ukraynanı işğalından sonra sonuncuya artan dəstəyi ifadə edir. Əgər respodentlərin 64 faizi Ukraynaya qarşı müsbət mövqedə olduğunu bildiribsə, Rusiyaya qarşı bu mövqedə olanların xüsusi çəkisi cəmi 17 faizdir. Yəni, təxminən dörd dəfə daha aşağı. Sorğuda iştirak edən gənclərin yarısından çoxu – 51 faizi Rusiyaya münasibətini “bəyənmirəm” və ya “heç bəyənmirəm” kimi ifadə edib. Bu göstərici ilə, Rusiya respondentlərin ən çox mənfi münasibət göstərdiyi üç ölkədən biridir. Lakin, respondentlər arasında Rusiya ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri gənclərin yaşayış yerlərinə əsasən, Rusiyaya qarşı olan münasibətdəki fərqlərlə bağlıdır.

    Cədvəl 3: Rusiyaya qarşı münasibətiniz?

    Göründüyü kimi, əgər Abşeron yarımadasında yaşayan gənclərin cəmi 11 faizi Rusiyaya qarşı müsbət münasibət bəslədiyini bildiribsə, ölkənin digər regionlarında yaşayan gənclər arasında həmin göstərici iki dəfə daha yüksək – 24 faizə bərabərdir. Eyni zamanda, paytaxtdakı gənclərin 58 faizi Rusiyaya qarşı münasibətini “bəyənmirəm” və ya “heç bəyənmirəm” şəklində ifadə etdiyi halda, regionlarda eyni göstərici cəmi 43 faizdir. Azərbaycan vətəndaşlarının ən çox miqrasiya etdiyi ölkə məhz Rusiyadır. Xüsusilə, ölkənin əyalətlərində işsizlikdən əziyyət çəkən gənclərin üz tutduğu ilk istiqamət hımin ölkədir və çoxsaylı gənclər üçün Rusiya iş bazarı kimi əhəmiyyətlidir.
    Respodentlərin ən az müsbət mövqe bildirdiyi ölkə Azərbaycanla 30 ildir müharibə şəraitində olan Ermənistan yox, ölkənin cənub qonşusu İrandır. Sorğu iştirakçılaırnın 5 faizi Ermənistana müsbət hislər bəslədiyini bildirdiyi halda, İranla bağlı oxşar göstərici cəmi 4 faizdir. Bu ikisi, seçimlər arasında ən aşağı müsbət hisslərin bəsləndiyi ölkələr olmaqla yanaşı, həmçinin, mənfi cavab variantlarının, yəni, “bəyənmirəm” və “heç bəyənmirəm” cavab variantlarının ən çox seçildiyi ölkələrdir. Respondentlərin 78%-i Ermənistana, 72%-i isə İrana mənfi hislər bəslədiyini bildirib.
    Həmçinin, son dövlərlər Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana tənqidi mövqe ifadə edən Fransaya qarşı Azərbaycan cəmiyyətində mənfi yanaşma formalaşıb. Respondentlər arasında Fransa barədə müsbət düşüncədə olanların xüsusi çəkisi (34%) Böyük Britaniya və Almaniyaya nəzərən iki dəfə daha aşağıdır. Həmçinin respondentlərin 37 faizi Fransaya qarşı mənfi münasibət bəslədiyini bildirib. Bununla da Fransa Ermənistan, İran və Rusiyadan sonra gənclər arasında ən çox mənfi münasibət bəslənən ölkəyə çevrilib.
    Səudiyyə Ərəbistanı və Çinlə bağlı neytral cavab variantını seçənlərin çoxluğu ilə bağlıdır. Respondentlərin müvafiq olaraq 46 faizi və 42 faizi adı çəkilən ölkələrə qarşı neytral mövqedə olduqlarını bildiriblər. Bu, xüsusilə də, Çinin dünyada və regionda böyüyən gücə çevrilməsinə rəğmən Azərbaycan gəncləri arasında müsbət və ya mənfi təəssürat yaratmadığını göstərir. Sorğu çərçivəsində respondentlərdən qeyd edilən ölkələri bəyənib-bəyənməməklə yanaşı, hansı ölkələri Azərbaycanın müttəfiqi, hansı ölkələri isə Azərbaycanın təhlükəsizliyinə təhdid olaraq gördükləri də soruşulmuşdur.

    Cədvəl 4: “Aşağıdakı ölkələrdən hansını Azərbaycanın müttəfiqi hesab edirsiniz?” sualında respondentlərin ən çox seçdiyi ölkələr:

    Cəmi 5 ölkəni sorğu iştirakçılarının ən azı dörddə biri Azərbaycanın müttəfiqi hesab edir. Bunlar Türkiyə, Pakistan, İsrail, Ukrayna və Gürcüstandır. Avropa ölkələrinə müsbət münasibətin olmasına, eləcə də ölkə əhalisinin mütləq əksəriyyətinin Avropa Birliyi ilə yaxınlaşmanı dəstəkləməsinə baxmayaraq, heç bir qərb ölkəsi əhalinin dominant hissəsi tərəfindən müttəfiq olaraq görülmür.
    “Aşağıdakı ölkələrdən hansıları Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edirsiniz?” sualına verilən cavablardan aydın olur ki, Azərbaycanda gənclər arasında ölkənin təhlükəsizliyinə ən böyük təhlükə kimi görülən ölkə Rusiyadır. Sorğuda iştirak edən şəxslərin 81 faizi Rusiyanı Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edir. Növbəti yerləri tutan Ermənistan və İranla bağlı isə oxşar göstərici bir-birinə çox yaxındır. Fransanın son dövlər Ermənistanla ortaq mövqedən çıxış etməsi gənclərin təxminən üçdə birinin bu ölkənin Azərbaycanın milli təhlükəsizliyinə təhdid olaraq görməsinə gətirib çıxarıb. Maraqlıdır ki, respondentlərin 8 faizi ABŞ-ı Azərbaycanın müttəfiqi hesab etdiyi halda, onların 17 faizi ABŞ-ı Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edir. Hindistanla bağlı qeydə alınan nəticənin də nisbətən yüksək olması Qarabağ münaqişəsi ilə bağlı ola bilər. Nəzərə almaq lazımdır ki, Hindistan Ermənistanın silah ixracatçılarından biridir.
    Ümumilikdə “Aşağıdakı ölkələrdən hansıları Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edirsiniz?” sualına verilən cavablarına analizi göstərir ki, sadəcə altı ölkənin topladığı səslərin xüsusi çəkisi ikirəqəmli həddədir.

    Cədvəl 5: “Aşağıdakı ölkələrdən hansını Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edirsiniz?” sualında respondentlərin ən çox seçdiyi ölkələr:

    Sorğu çərçivəsində 35 yaşadək olan şəxslərdən, həm də, Qarabağ münaqişəsi ilə bağlı fikirləri soruşulub. “Yaxın illərdə Azərbaycan və Ermənistan arasında münaqişənin həll olacağına inanırsınızmı?” sualına verilən cavablardan aydın olur ki, gənclərin əksər hissəsi münaqişənin tezliklə başa çatacağı ilə bağlı pessimist fikirdədir. Respondentlərin 52 faizi münaqişənin yaxın illərdə həll olacağına inanmadığını bildirib. Cəmi 23% respodent yaxın illərdə münaqişənin həll olacağına inanır. Respodentlərin daha 25 faizi isə, “bilmirəm” cavabını seçib.
    Cədvəl 6: “Yaxın illərdə Azərbaycan və Ermənistan arasında münaqişənin həll oluncağına inanırsınızmı?

    Respodentlərin böyük hissəsi yaxın illərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını gözləməsələr də, bunu istəyirlər. Belə ki, “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirsinizmi?” sualına verilən cavabların analizi göstərir ki, respodentlərin 62%-i münasibətlərin normallaşmasını dəstəklədiyini bildirib.

    Cədvəl 7: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyirsinizmi?”

    Sorğu iştirakçıları Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləsə də, respondentlərin böyük əksəriyyəti – 59 faizi Qarabağda azərbaycanlıların və ermənilərin birgəyaşayışını mümkün hesab etmir.
    Cədvəl 8: Qarabağda azərbaycanlıların və ermənilərin birgəyaşayışını mümkün hesab edirsinizmi?

    Qarabağ ermənilərinə Azərbaycanın tərkibində hər hansı bir status verilməsi məsələsində də, gənclərin əksəriyyəti bir düşüncədədir. Respondentlərin dörddə üçü Qarabağ ermənilərinə Azərbaycan daxilində hər hansı status verilməsini dəstəkləmədiyini bildirib.
    Cədvəl 9: Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın daxilində hər hansı bir status verilməsini dəstəkləyirsinizmi?