Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Terrorçu qatil Yasin Hüseynzadəyə qarşı edam hökmünün icrası bir ilə yaxındır ləngiyir
İranda Azərbaycan səfirliyinə hücumu törədən terrorçu Yasin Hüseynzadəyə qarşı edam hökmünün icrası bir ilə yaxındır ki, təxirə salınıb. “Report”un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, hökm tezliklə icra olunmasa, Azərbaycan İrandan səfirini yenidən geri çağıra bilər.
Azərbaycan xəbər agentliyinin yazdığı kimi, ola bilsin ki, edam hökmünün icrası onun SEPAH ilə əlaqələrinə görə təxirə salınır.
“55 yaşlı Yasin Hüseynzadə İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub və 31-ci Aşura diviziyasının tərkibində döyüş əməliyyatlarında iştirak edib, 1999-cu ilə qədər İran İnqilabı Keşikçiləri Korpusunun Təbrizdəki qərargahında yük maşını sürücüsü işləyib , bundan sonra 1999-cu ildən 2006-cı ilə qədər Mərəndiyyədəki Yaldur məscidində Bəsic qüvvələrinə rəhbərlik edib və hətta Bukan və Marağada hökumət əleyhinə etirazların yatırılmasında iştirak etdiyi məlum olub,” - məlumatda qeyd edilir.
ARAYIŞ: 27 yanvar 2023-cü ildə Kalaşnikov avtomatı ilə silahlanmış terrorçu Yasin Hüseynzadə Azərbaycan səfirliyinə hücum edib. Hücum nəticəsində təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, iki əməkdaşı yaralanıb.