İrandakı səfirliyimizin açılması üçün hazırlıq görülür
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib
Azərbaycan Respublikasının İranda diplomatik fəaliyyətinin bərpası üçün hazırlıqlar görülüb. Bunu mətbuat konfransı zamanı İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
O qeyd edib ki, sözügedən məsələ barədə hər iki tərəfin prezidentləri səviyyəsində danışıqlar aparılıb.
"Ümumi konsensus var ki, əməkdaşlığın digər sahələri, o cümlədən iki ölkə arasında iqtisadi, siyasi və diplomatik əməkdaşlıqlar da inkişaf edəcək və biz Azərbaycan Respublikasının İran diplomatiyasının yeni fəallığının şahidi olacağıq", - diplomat vurğulayıb.
Kənanin sözlərinə görə, Azərbaycanın diplomatik nümayəndə heyəti bir müddət əvvəl, ötən ilin sonlarında səfirliyin yenidən açılmasına hazırlıq üçün Tehrana səfər edib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı isə hücumun qarşısını alarkən yaralanıb. Bundan sonra Azərbaycan Tehrandakı səfirliyinin fəaliyyətini tamamilə dayandırıb, bütün diplomatlarını İrandan çıxarıb.
Nazirlik rəsmisi həmçinin qeyd edib ki, İran Bakıya yeni səfir təyin etməyə hazırdır. Çünki fəaliyyətdə olan səfir Seyid Abbas Musəvinin səlahiyyət müddəti artıq başa çatıb.