BLOQ

Azərbaycan Milli Məclisinin deputatı Kamal Cəfərova SORĞU

Kamal Cəfərovun “AXC qurucuları erməni dövlətinin yaradılmasının lehinə olub?– Osmanlı Arxiv Sənədləri” başlıqlı məqaləsinə cavab hazırlamışam

Azərbaycan Milli Məclisinin deputatı Kamal Cəfərova SORĞU
  • Oxuma müddəti:

    25 dəqiqə

  • Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri Kamal Cəfərov öz deputat səhifəsində “AXC qurucuları erməni dövlətinin yaradılmasının lehinə olub?– Osmanlı Arxiv Sənədləri” başlıqlı bir məqalə dərc edib. Məqalədə, başlığından da anlaşıldığı kimi, 1918-ci ilin gərgin may ayında Cənubi Qafqazda müstəqil milli dövlətlərin – Azərbaycan, Gürcüstan, Ermənistan – yaranması prosesində artıq mütəmadi tarixi-siyasi diskussiya predmetinə çevrilmiş “İrəvanın ermənilərə güzəştə gedilməsi” məsələsi bir qədər “fərqli” yanaşmada gündəmə gətirilir.
    Yazının başlığındakı açıq-aydın eyhamı və sətiraltı mənanı anlasam da, Müəllifin bu mövzuya diqqətini hər halda tutduğu vəzifələr, xüsusilə Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini olması ilə izah etməyə çalışıram. Və artıq ilk sorğum meydana çıxır: yeni yaradılmış Qərbi Azərbaycan icmasının bu Azərbaycan əraziləri ilə bağlı tədbirlər, görüləcək işlər siyahısında İrəvan şəhərinə məhz hüquqi-siyasi müstəvidə iddia sürülməsi niyyəti varmı?

    Xüsusi vurğulayıram ki, burada söhbət heç də hazırkı Ermənistan ərazilərin qədim Azərbaycan torpaqları olduğu kimi tarixi həqiqətdən getmir. Bu həqiqət tarixçilərdən tutmuş ölkə başçısına qədər hamı tərəfindən dilə gətirilir, əlyazmalar, sənədlər, kitablar şəklində ortaya qoyulur. Təbii ki, sözügedən İcma üçün də bu mövzu daim diqqət mərkəzində olmalıdır.

    Lakin məsələnin məhz yuxarıdakı sual şəklində gündəmə gətirilməsində məqsəd nədir? 1918-ci ilin çox gərgin, siyasi təlatümlü may günlərində İrəvanın ermənilərə güzəştə gedilməsinə dair hər hansı hüquqi qüvvəyə malik bir sənədin, belə bir haqlı iddia üçün hüquqi əsasın ortada olmadığı şəraitdə Qərbi Azərbaycan icmasının üzvünün Cümhuriyyət qurucularını erməni dövlətinin yaradılmasında töhmətləndirməsi hansı ehtiyacdan doğur?

    Toxunduğu məsələyə dair ayrı-ayrı sənədlərdən seçmə nümunələr təqdim etməklə deputat -müəllif həqiqətənmi “qara səhifə” adlandırdığı bu tarixin hazırda “ört-basdır edildiyini”, “təhrif olunduğunu” düşünür və özünün tarixi hadisələrin olmuş gedişatını dəyişməklə irəli sürdüyü fərziyələri “gələcək nəsillərin nəticə çıxarması üçün” mühüm sayır?

    İxtisasca hüquqşünas olan müəllif mükəmməl sənədli-elmi bazaya malik olmadığı halda tarixi mövzuda iddialar irəli sürməyi özü üçün məqbul sayarkən mümkündür ki, tarix elminin “bəlkə”, “əgər” və s. kimi şərtilikləri qəbul etmədiyini bilməsin. Bu halda “elə olmasaydı, belə olardı” formulundan çıxış edərkən ən azı “bəs belə olmasaydı, onda necə olardı?” suallarına da cavab verməliydi axı.

    1917-1918-ci illər Cənubi Qafqazda 2 deyil (gürcü və azərbaycanlı), artıq 3 xalqın (ermənilər) öz müqəddəratını təyin etməli olduğu kimi bir reallıqda, I dünya müharibəsində qalib dövlətlər tərəfində savaşmış erməni və gürcülərdən fərqli olaraq azərbaycanlılar hərbi, siyasi, hüquqi və maliyyə baxımından ən əlverişsiz vəziyyətdə idilər. Bu halda Azərbaycan xadimləri yalnız diplomatik məharətləri sayəsində bölgədə “milli kontonlar” yaratmaq kimi özləri üçün zərərli planların qarşısını alaraq, Azərbaycan dövlətçiliyi tələbini ortaya qoyur, “milli coğrafiya” kimi İrəvan, Gəncə və Bakı quberniyarına iddia edirdilər. (bax: M.Ə.Rəsulzadə “Azərbaycan muxtariyyəti”) Gürcülərin və ermənilərin də müvafiq ərazi iddiaları vardı və bu iddialar çox vaxt üst-üstə düşürdü. Həmin dövr Osmanlı rəhbərliyi həqiqətən regionda real güc və söz sahibi idi. Lakin Müəllif görünür ki, Osmanlı rəhbərliyinin bölgədəki ərazi münaqişələrin həllinə guya daha “strateji yanaşaraq erməni dövlətinin yaradılmasının” əleyhinə olduqlarına dair gətirdiyi sənəd nümunələrini axıra qədər oxumayıb. Çünki Osmanlı xadimlərin Ermənistan dövlətinin yaranmasına mənfi münasibəti qarşısında, “yox əgər, belə bir dövlətin yaradılması zəruridirsə, o zaman çox kiçik, yaşamağa qeyri-qadir bir erməni dövləti yaradılması” kimi fikirləri ilə də tanış olardı. Belə bir kiçik, zəif erməni dövlətinin məhz İrəvan şəhəri və ətrafında yaranmasının əsas təşəbbüskarı kimi də məhz Qafqaz cəbhəsi Türk komandanlığının çıxış etdiyini Müəllif bilməmiş olmasın gərək. Elə isə nə əcəb diqqətini bu məsələdə fokuslamır?

    Regiondakı vəziyyəti Osmanlı rəhbərliyindən daha dərindən anlayan və öz imkanlarını daha düzgün qiymətləndirən Azərbaycan xadimləri - M.Ə.Rəsulzadə, M.H.Hacınski, F.X.Xoyski, N.Yusifbəyli, X.Xasməmmədov M.Y.Cəfərov, A.Səfikürdski və d., erməni dövlətinin yaradılmasını zəruri hesab edərkən Müəllifin düşündüyünün əksinə olaraq, Osmanlı paşalarından daha strateji və uzaqgörən mövqedən çıxış edirdilər. Çünki, həmin dövr bölgə xalqları arasında ermənilər hamıdan artıq silahlı gücə malik idilər, 4 il I dünya müharibəsi cəbhələrində vuruşmaqla Cənubi Qafqaza nizami ordu kimi qayıtmışdılar , Gürcüstan və hətta Osmanlı ilə hərbi qarşıdurmaya girməkdən çəkinməmişdilər. Azərbaycana gəldikdə isə 1917-1918-ci ilin əvvəlləri üçün İrəvan qəzasının 199 müsəlman kəndini, Zəngəzuru, Dağlıq Qarabağı işğal etmişdilər, mart ayından başlayaraq Bakı şəhəri daxil bütün Bakı quberniyası – Şamaxı, Göyçay, Cavad, Ərəş, Quba qəzaları erməni-bolşevik qoşunları tərəfindən tutulmuşdu, 14-16 minlik ordu Gəncə üzərinə hərəkət edirdi.

    Bu halda daha bir sorğu: “AXC qurucuları erməni dövlətinin yaradılmasının lehinə olub?”- guya sualını verən MM deputatı, Dövlət və siyasi xadim (Vikipediyada belə təqdim olunur) Kamal Cəfərovun “realpolitik” deyilən məfhumdan xəbəri varmı?
    Axı Osmanlı və Azərbaycan siyasətçiləri Ermənistan dövlətinin yaradılmasını müzakirə edərkən bölgədəki “realpolitik” – real siyasi-hərbi durum yuxarıda göstərilən kimi idi. Ermənistan dövlətini də əslində ermənilər özləri yaradırdı və hərbi baxımdan buna nail də olmuşdular. Amma Azərbaycan dövlətçiliyinin yaranması özü sual altında idi! Torpaqlarının böyük bir hissəsi erməni-rus işğalında, xalqı qismən qırılmış, qismən köçkün, qaçqın düşmüş, paytaxtı, ordusu, maliyyəsi olmayan Azərbaycan xadimlərinin bu şəraitdə yeganə ümid yeri regionda real siyasi-hərbi güc olan Osmanlı dövləti və Osmanlı ordusu idi. Bu Ordunun Qafqaz komandanlığının isə öz ərazi iddiaları vardı, ermənilərlə müharibədə türk əsgərinin qanı bahasına tutduğu İrəvan quberniyasının Gümrü şəhəri daxil 5 qəzasını əlindən vermək istəmirdi. Odur ki, Sərdarabad döyüşlərində uduzduğu və ermənilərin əlinə keçmiş İrəvan şəhərini paytaxt kimi güzəştə getməyi azərbaycanlılara şərt qoyur, əslində onlardan bu ərazilərə iddialarından əl çəkməyi tələb edirdi.

    Hörmətli, Kamal Cəfərov, ermənilərin də bu ərazilərə ən qətiyyətli şəkildə iddialı olduqlarını nəzərə alaraq özünüzü Azərbaycan nümayəndə heyətinin bir üzvü kimi onların yerinə qoyun. Azərbaycanlıların Gümrünü ermənilərə paytaxt vermək təklifini qətiyyətlə rədd edən Osmanlı komandanlığı – Mehmet Vehib Paşa və Xəlil Paşa Kut Rəsulzadəni barmaqla hədələyir, üzünə qapı çırpmaqla “Bakının azadlığı İrəvandan keçir” şərtini ortaya qoyurlar. Siz bu şəraitdə nə qərar qəbul edərdiniz ?
    Adı çəkilən məqalənizdən belə çıxır ki, gərək İrəvanın verilməsinə razı olmayaydılar. Elə isə İrəvanın həmin dövr artıq kimin əlində olduğuna və bu ərazidə “realpolitik” durumu bir daha xatırlatmağa deyəsən ehtiyac var. Artıq qeyd edildiyi kimi, İrəvanda hərbi hakimiyyət və idarəçilik ermənilərin əlində olmaqla, həmin 9,2 min kv.km ərazidə yaşayan 321 min əhalinin 230 mini - erməni, 80 mini – müsəlman, qalanı qarışıq əhali idi.

    Siz deyən olsun, Azərbaycan nümayəndə heyəti güzəşt təklifini rədd edir. Belə bir şəraitdə bu torpaqları erməni hərbi qüvvələrindən kim azad edəcəkdi?

    Güzəşt üçün məhz bu ərazini seçmiş və azərbaycanlılar qarşısında şərt qoymuş Osmanlı qoşunlarımı??? Buna gedəcəkdilərmi? Başqa kimsə vardımı?

    Azərbaycan nümayəndələrinin o vaxt yeganə niyyəti nəyin bahasına olursa olsun Osmanlı qoşunlarını Azərbaycan torpaqlarının və paytaxt Bakının azad olunmasına cəlb etmək idi. Odur ki, hər barədə asılı tərəf kimi Rəsulzadə və silahdaşları böyük siyasi uzaqgörənliklə, məhz strateji maraqlardan çıxış edərək “daha çox zərərdən daha az zərər” seçimini edirlər. Əllərində olmayan İrəvanı simvolik, həm də əslində ermənilərə yox, məhz türklərə güzəştə gedərək 29 mayda o tarixi İclası keçirirlər və həqiqətən tarixi bir Protokolu tərtib edirlər. Bununla da İrəvanın güzəştini “qaçılmaz acı həqiqət” kimi sənədləşdirərək ən azı Azərbaycanın bu şəhərə olan iddialarını və haqlarını ortaya qoyurlar. Amma görünür ki, hüquqi qiyməti sırf kağız üstə qalan, amma tarixi əhəmiyyət baxımdan bu misilsiz qərara görə nə vaxtsa Kamal Cəfərov və ... timsalında “gələcək nəsillər” tərəfindən “töhmət və ittihamlara” əsas verdikləri haqda heç düşünmürlər...

    Görən bu sənədlər olmasa idi, ermənilərin onsuz da sahib çıxdığı İrəvan məsələsində mövqeyinizi necə izah edərdiniz?
    Deyəsən məqalənizdə yaranmış vəziyyətdən çıxış yolu, həm də ikisini birdən göstərirsiniz: “Ancaq burada iki yol olub. Ya müstəqil Azərbaycan daxilində erməni dəstələri ilə mübarizə və ya müstəqil “zərərsiz” Ermənistan dövləti ilə beynəlxalq münaqişə. Bu iki seçim qarşısında cümhuriyyətçilər ikinci yolu seçib. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. M.Ə.Rəsulzadə və silahdaşları erməni dövlətinin yaradılması ilə bağlı Osmanlı rəsmiləri və erməni nümayəndələri ilə müzakirələr apararkən, may ayının 25-də Nuru Paşa öz dəstəsi ilə artıq Gəncədə idi, Qafqaz İslam Ordusu bölmələrinin də Azərbaycana yeridilməsinə sayılı günlər qalırdı”.

    Burada torpaqlarının yarısı erməni qoşunları işğalında olan hansı “müstəqil Azərbaycandan”(?) söz gedə bildiyi və xüsusilə onun erməni dəstələri ilə necə “mübarizə aparacağı” söhbətini yenə də müəllifin “realpolitik” məsələsində tam zəifliyinə keçərək digər məqama diqqət yetirək. Nuru Paşanın artıq may ayının 25-də Gəncədə olduğu və Qafqaz İslam Ordusu bölmələrinin də “Azərbaycana yeridilməsinə sayılı günlər qalırdı” – ümid dolu fikirlərə də deyəsən aydınlıq gətirilməlidir. Cəmi 300 zabitlə Gəncəyə gəlmiş Nuru Paşanın missiyası ilə bağlı təfərrüatları bilmək üçün Müəllifin artıq həmin günlərin sırf tarixi hadisələrini öyrənməyə ciddi ehtiyacı var. Belə ki, əvvəla Batum razılaşmaları, yəni Azərbaycan nümayəndələrinin imzaları olmasaydı Osmanlı qoşunlarının Azərbaycana girib-girməyəcəyi məlum deyildi, girəcəyi təqdirdə isə regiondakı vəziyyəti diqqətlə izləyən beynəlxalq güclərin bu qoşunu “işğalçı” kimi qəbul edəcəyi özlüyündə aydındır. Amma məsələ hətta bu göründüyündən də qəliz idi. Həmin dövr Gəncədə Azərbaycanın Osmanlı dövlətinə birləşməsini tələb edən “İlhaqçılar” adlanan qrupun fəallığı, Nuru Paşa və onun müşaviri Əhməd bəy Ağayevin bu qrupları yönəltməsi və dəstəkləməsi, Azərbaycan İstiqlalından imtina, Milli Şuranın və Azərbaycan hökumətinin buraxılması tələbləri və beləliklə, Azərbaycan dövlətçiliyinin mövcudluğunu təhlükə altında salan son dərəcə ciddi Gəncə böhranı!

    Müəllifə daha bir sual: dönə-dönə vurğuladığı Rəsulzadə və silahdaşları İstiqlal məsələsində inad göstərməklə bir daha Osmanlı-Azərbaycan ilhaqçıları qarşısında müəyyən güzəştə getməsəydilər və bunun müqabilində Azərbaycan dövlətçiliyini saxlamasaydılar, yəni bu tələblər qarşısında geri çəkilsəydilər, ölkənin və xalqın gələcəyini necə görür?

    Bu suala əvvəlcə özümüz cavab verək: cəmi 5 aydan sonra Mudros sazişinə görə Osmanlı qoşunlarının bütün tutduğu ərazilərdən çıxarıldığı nəzərə alınarsa Rəsulzadə və silahdaşları yenə də siyasi və strateji uzaqgörənlik nümayiş etdirirlər. Osmanlı-İlhaqçı qüvvələrin heç də gizlədilməyən “Böyük Turan” planları qarşısında hər hansı mübahisə-müzakirələr açmayaraq məhz həmin 5 ayda Qafqaz İslam Ordusu vasitəsi ilə Azərbaycan torpaqlarının, o cümlədən paytaxt Bakının işğaldan azad olmasına, dövlət quruculuğuna başlamağa, Qarabağda erməni qiyamını yatırtmaqla vəziyyəti öz nəzarətlərinə götürməyə nail olurlar. Əks təqdirdə, yəni bütün bu işlər müstəsna olaraq “Azərbaycan” adına görülməsə idi və türklərdən sonra bölgəyə gəlmiş İngilis-Amerika hərbi qüvvələri və missiyaları qarşısında Azərbaycan maraqları məhz Azərbaycan dövlətinin maraqları kimi müdafiə olunmasaydı, məğlub Osmanlı dövlətinin müttəfiqi və “ilhaq olunmuş” ərazisi kimi Azərbaycan torpaqlarının və əhalisinin vəziyyətini təsəvvür etmək gərək çətin olmasın.

    Amma deyəsən müəllifin bu halda da Ermənistan dövlətçiliyi ilə bağlı öz mülahizələri var: “Osmanlı dövləti Birinci dünya müharibəsində məğlub olduqdan sonra təbii ki, Antanta dövlətləri erməni dövlətini yaradacaqdılar. Lakin bu dövlət İrəvan mərkəz olmaqla deyil, Aleksandropol (Gümrü) və ya digər bir şəhər ətrafında yaradılacaqdı. Onsuz da Antanta dünya müharibəsinin başa çatmasından sonra Osmanlı dövlətinin boşaltdığı Gümrü və digər ətraf əraziləri ermənilərin ixtiyarına verdi. Ermənilər bu ərazilərdə öz dövlətlətini qura bilərdilər. Məsələnin bu cür həlli milli və dövlət maraqlarımız baxımından daha az zərərli olardı”.
    Burada, necə deyərlər, naçarlıqdan əlləri yana açmaqdan başqa çarə qalmır.

    Dövrün real siyasi və tarixi vəziyyətindən bixəbər gənc vətənpərvər xəyalpərəst üçün bəlkə də məqbul sayıla biləcək bu keçmişə ünvanlanmış fantaziya - “proqnoz” bir Millət vəkili, Qərbi Azərbaycan kimi gündəmdə olan mühüm və ciddi dövlət proqramının həllinə cəlb olunmuş bir siyasətçinin qələmindən çıxırsa .... həmin məntəqənin tarixinə dair məsələlərə bu həddə bəsit bilgi, düşüncə və yanaşma tərzi yalnız heyrət doğurur. Bundan yumşaq söz tapa bilmirəm.

    Cümhuriyyət dövrü xadimlərini “erməni dövlətinin yaradılmasına dəstək verməkdə” suçlayan Kamal Cəfərov MM deputatı kimi heç olmasa xələfi olduğu Cümhuriyyət Parlamenti iclaslarının sənədləri ilə tanış olsaydı ən azı İrəvan məsələsinin müxtəlif bucaqlardan daim müzakirə olunduğunu, heç də bitmiş məsələ hesab edilmədiyini bilərdi. Qarabağ qubernatorluğu yaradıldıqdan sonra Parlamentdə Hökumətin hesabatı dinlənilərkən Behbud bəy Cavanşirin Qarabağ müzakirələri açmaq tələbinə Rəsulzadənin verdiyi: “Bu gün bizim üçün Bakı, Qarabağ məsələsi yoxdur, İrəvan, Borçalı məsələsi var” cavabının fərqinə varardı.

    İrəvan tarixinə dair bütün məqamları detallarına və incəlikləri bilmədən həmin regionla bağlı bu gün gündəmə gətirilən məsələlərin həllinə yönəlik siyasi-hüquqi çəkişmələrə girmək mümkündürmü? Qərbi Azərbaycan icmasının rəhbərliyində təmsil olunan bir şəxs həmin məsələdə yalnız İrəvanın güzəştə gedilməsi faktından çıxış edirsə, həmin dövrdə bütün o ərazilərin artıq işğal altında olduğunu belə dilə gətirmirsə (bilmirsə) və ermənilərin hələ bundan sonra, yəni “İrəvan mərkəz olmaqla yaradılan 9 min kv. km. ərazi ilə kifayətlənməyəcəyinə və növbəti mərhələdə öz sərhədlərini genişləndirmək üçün mübarizəyə başlayacağına” əmindirsə - burada deyiləcək söz qalırmı? Bu adamın real siyasətçi kimi Qərbi Azərbaycan, İrəvan, Zəngəzurla bağlı qarşıdakı çətin, ağır, mürəkkəb siyasi-diplomatik mükalimələr, danışıqlar, irəli sürüləcək təklif, tələb, iddialar prosesində hər hansı professional iştirakından söhbət gedə bilərmi?

    Burada mənə bir tarixçi olaraq bu qədər səthi və bəzi fərziyyələri ilə hətta gülünc görünən məqaləni çox ciddi aldığımı və nahaq yerə bu qədər dərinliklərinə getdiyimi irad tuta bilərlər. Belə ki, müəllifin elə yazısına qoyduğu başlıqdan məqsədinin aydın olduğu və bu məqsədin kökündə də bir daha Cümhuriyyətçilərin “bağışlanmaz tarixi səhvini” yada salmaq niyyəti durduğu qətiyyən şübhə doğurmur.

    Amma Kamal Cəfərova bu sorğuları ünvanlamağı, həm də cavabımı kifayət qədər sərt tonda yazmağı lazım bildim.
    Ona görə yox ki, Kamal Cəfərov özünün 34 yaşı üçün artıq yuxarıda sadalanan titullara və vəzifələrə sahibdir.

    Ona görə ki, Kamal Cəfərovun hələ 34 yaşı var, cavandır. Bu mənsəblərə hansı yolla yetişdiyini də heç sual etmirəm. Düşünürəm ki, hər halda bu nailiyyətləri arxasında təhsili, zəhməti, inadı, siyasi ambisiyaları və Vətənə xidmət etmək arzusu durub.
    Ona görə ki, Kamal Cəfərovun qarşısında eyni məramlarla siyasət aləminə gələrək Azərbaycan dövlətçiliyini quran və onun ilk dövlət başçısı seçilən 34 yaşlı Məhəmməd Əmin Rəsulzadə nümunəsi var.

    Kamal Cəfərovun “tarixi səhvlərini bağışlamadığı” Məhəmməd Əmin bəyi özünə nümunə bilib-bilmədiyinin heç əhəmiyyəti yoxdur. Burada mühüm məqam Kamal Cəfərovun daha dolğun siyasi həyatının hələ qabaqda olması və bu zaman Rəsulzadə şəxsiyyətinə və onun yaratdığı dövlətçilik dəyərlərinə hansı meyarlarla yanaşacağıdır.

    Təbii ki, tarixi hadisələrə, tarixi şəxsiyyətlərə tənqidi yanaşmaq heç bir halda yasaq edilə bilməz və edilməməlidir. Təbii ki, bu halda araşdırmaçıların öz subyektiv fikirləri, yanaşmaları da məqbuldur. Amma söhbət əgər olduqca ciddi, həm də son zamanlar çox həssas məsələyə çevrilmiş tarixi mövzulardan və şəxsiyyətlərdən gedirsə burada istənilən müəllif öz adı, imzası və gələcək imici üçün mütləq məsuliyyət hissi duymalıdır.

    Cümhuriyyət tarixi və qurucuları bu sıradan həm də ona görə həssas mövzu sayılır ki, Azərbaycan xalqı, dövləti və cəmiyyəti hələ də bu tarixi Şəxsiyyətlərin qarşısında öz milli, vətəndaş və insani borclarını ödəməyib. Və bu borc hər birimizin, xüsusilə onu qaytarmaq səlahiyyətləri olan mənsəb sahiblərinin boynunda bir günah-borc olaraq qalır.

    Cümhuriyyət parlamentinin xələfi olan Milli Məclis deputatları, və o sıradan gənc deputat Kamal Cəfərov Rəsulzadə və silahdaşlarının “tarixi səhvlərini” tez-tez və tələm-tələsik gündəmə gətirmək əvəzinə yaxşı olardı ki, bu Böyük Kişilərin haqqlarını versinlər, paytaxt etdikləri Bakıda heykəllərinin qoyulması, ev muzeylərinin açılması, Azərbaycanın ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topşubaşovun yaşadıqları binalara barelyefli xatirə lövhələrinin vurulması məsələlərini Milli Məclisin gündəminə gətirsinlər.

    İrəvan, Qarabağ və d. tarixi mövzuları isə peşəkar tarixçilərin öhdəsinə buraxın. Hər hansı niyyətindən asılı olmayaraq bu mövzulara, o cümlədən Cümhuriyyət tarixinə müraciət edən həvəskar “tarixçilər” əmin olsunlar ki, Azərbaycanda bu gün ölkə, o cümlədən Cümhuriyyət tarixini dərindən bilən, bu tarixin və onu yaradanların təəssübünü çəkən çox savadlı, bilikli, fədakar, vicdanlı gənc peşəkar tarixçilər nəsli yetişir. İnanın ki, istənilən təhriflərə və məqsədli, qərəzli yazılara həmişə cavab verəcəklər.