XƏBƏRLƏR / Müttəfiq

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir

YENİLƏNİR

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir
Arxiv
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 18:43

    Noyabrın 15-də Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təntənəli təqdimat mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

    Qeyd edək ki, Azərbaycandan bu mükafata Xalq artisti Alim Qasımov layiq görülüb.

    ***

    18:00

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub.

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib. Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Binada 65 metr hündürlüyündə günbəz inşa olunub. Mərkəzə tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri və digər şöbələr daxildir.

    Buradakı sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir.

    Mərkəzin binasında, həmçinin 100 min əlyazma və bir milyondan çox kitab daxil olmaqla, nəhəng kitabxana və İslam Sivilizasiyası Mərkəzinin elmi şöbəsi, beynəlxalq təşkilatların ofisləri yerləşir. Mərkəzin muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.

    Ekspozisiyanın mərkəzində yerləşən “Müqəddəs Quran” zalında müsəlman dünyasının mənəvi incisi – “Osman Quranı” saxlanılır. Zalda Samanilər, Qaraxanlılar, Xarəzmşahlar, Teymurilər və digər sülalələr dövründə yazılmış “Quran”ın əlyazma nüsxələri, həmçinin onların özbək dilinə tərcümələri təqdim olunur. Mərkəzdə dini-maarifləndirici və innovativ media layihələri reallaşdırılıb.

    Holoqrafiya, qurğular və proyeksiya texnologiyalarının köməyi ilə “Zaman divarı” nəhəng multimedia panelində müxtəlif dövrlərin ən mühüm tarixi mərhələləri, böyük kəşflər və görkəmli şəxsiyyətlər barədə məlumat verilir. Bu Mərkəz UNESCO və ICESCO da daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurub.

    ***

    16:08

    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    Görüşdə Azərbaycanla Özbəkistan arasında müttəfiqliyə və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

    Prezident İlham Əliyevin Özbəkistana, Prezident Şavkat Mirziyoyevin isə ölkəmizə mütəmadi səfərlərinin əlaqələrimizin inkişafında rolu vurğulanıb.

    Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın son dövrlərdə daha da genişləndiyi məmnunluqla qeyd edilərək, bu xüsusda dövlətimizin başçısının Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirakının önəminə toxunulub.

    Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

    ***

    14:30


    Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub.

    ***

    13:36


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün noyabrın 15-də Özbəkistana səfərə gəlib.

    Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.