XƏBƏRLƏR / Siyasət

Azərbaycan Prezidentinin Almaniya səfəri davam edir

İlham Əliyev fevralın 16-dan Münxendə səfərdədir

Azərbaycan Prezidentinin Almaniya səfəri davam edir
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü olub.

    Kriştof Xoysqen Münxen Təhlükəsizlik Konfransına dəvəti qəbul etdiyinə və iştirakına görə dövlətimizin başçısına təşəkkürünü bildirib, COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

    Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransına dəvətə görə təşəkkürünü və COP29 ilə əlaqədar təbriklərə görə minnətdarlığını ifadə edib.

    Kriştof Xoysqen qeyd edib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulayıb.

    Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edilib. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırılıb.

    Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan COP29-un mahiyyət üzrə nəticəyönümlü sessiya olması üçün bütün beynəlxalq tərəfdaşlarla birgə işləməyə hazırdır. Hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.

    Görüşdə, həmçinin regional məsələlər müzakirə olunub. Dövlətimizin başçısı bu xüsusda Azərbaycanın sülh gündəliyini, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini deyib. Bu istiqamətdə Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə təşkil olunan görüşün səmərəli və konstruktiv şəraitdə keçdiyini diqqətə çatdırıb.

    ***

    Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü olub.

    ATƏT-in Baş katibi prezident seçkilərində qələbəsi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.

    Söhbət zamanı Azərbaycanla ATƏT arasında iqlim dəyişikliyi mövzusunda əməkdaşlıq, bu xüsusda birgə tədbirlərin keçirilməsi məsələlərinə toxunulub. Həmçinin regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

    Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd edib, artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırıb. Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirib. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

    Azərbaycan Prezidenti ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğulayıb. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırıb.