Azərbaycan Qarabağı işğal etməyib, onu geri qaytarıb
Bunu Fransanın keçmiş dövlət katibi və keçmiş ətraf mühit naziri Bris Lalonde “France 24” TV-nin efirində deyib
Azərbaycan Qarabağı işğal etməyib, onu geri qaytarıb. Bunu Fransanın keçmiş dövlət katibi, keçmiş ətraf mühit naziri, BMT-nin Davamlı İnkişaf Konfransının icraçı koordinatoru Bris Lalonde dəfələrlə ölkəmizi pis obrazda göstərməyə çalışan “France 24” telekanalının efirində deyib.
COP29-un Bakıda keçirilməsini, Fransa ilə Azərbaycan arasında münasibətlərin aşağı səviyyəsini və Cənubi Qafqazdakı vəziyyəti şərh edən Lalonde vurğulayıb ki, Makron fikir ayrılıqlarına baxmayaraq, bu tədbirdə iştirak etməli idi.
“Bəli, bizim Ermənistanla əla münasibətlərimiz var, amma bu o demək deyil ki, o haqlı idi. 1990-cı ildə Ermənistan Qarabağı işğal edib və nədənsə hamı bunu unudub və hesab edir ki, Azərbaycan işğal edib. Azərbaycan onu geri qaytarıb, qanunlara görə, onların bunu etmək tam hüququ var idi”, - eks-nazir qeyd edib.
Onun sözlərinə görə, bu məsələdə bir çox fransız siyasətçilərində yaddaş itkisi müşahidə olunur və onlar gərək diqqətli olsun.
"Azərbaycan haqqında nə demək olarsa, mən hesab edirəm ki, onlar gözəl ölkədir, onlar öz işlərini görür, COP-u yüksək səviyyədə keçirirlər. Biz onlara tədbirin daha da uğurlu keçməsinə kömək etməliyik", - Lalonde deyib.
Aparıcı Fransa Prezidentinin davranışına haqq qazandırmağa çalışaraq, Trampın iqlim məsələlərinə şübhə ilə yanaşdığını əsas gətirərək, “buna görə də Makron onun iştirakını mənasız hesab edir” deyib. Eks-nazir cavabında vurğulayıb ki, bu, ölkə liderindən bizim gözlədiyimiz davranış deyil".
"Lider israrlı olmalı və öz yolundan dönməməlidir. Əgər əvvəllər onun mövqeyi belə idisə, o, iqlim problemləri üzərində işləməyə davam etməli idi", - deyə Lalonde yekunlaşdırıb.